“Vaksinlərin bölüşdürülməsində olan disbalans bizi şoka slıb” –ÜST varlı ölkələri peyvəndləri qamarlamaqda ittiham etdi

Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bildirib ki, COVID-19-a qarşı peyvəndlərin faydası onların mümkün yan təsirləri ilə bağlı risklərdən dəfələrlə üstündür. O, 14 ölkənin hələ ki, bu prosesə başlamadığını bildirərək, dünyanın hər yerində vaksinasiyanı sürətləndirməyə çağırıb.

ÜST-nin rəhbəri son altı həftə ərzində COVAX təşəbbüsü çərçivəsində 38 milyondan çox vaksin dozasının dünyanın 100-dən artıq ölkəsinə çatdırıldığını xatırladıb.

“Xatırladığınız kimi, ilin əvvəlində biz bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə vaksinasiyanı başlamağa çağırdıq. Sabah yüzüncü gündür. Dünyanın 220 ölkəsindən və ayrı-ayrı ərazilərindən 194-ü artıq vaksinasiyanı başlayıb, 26-ı isə hələ də bu prosesə qoşulmayıb. Onlardan yeddisi artıq vaksin alıb və vaksinasiyanı başlaya bilər, daha 5 ölkə önümüzdəki günlərdə vaksinlər almalıdır”, – deyə doktor Tedros Qebreyesus söyləyib.

Onun sözlərinə görə, daha 14 ölkə müxtəlif səbəblərdən vaksinasiya və ya ona hazırlıq prosesinə hələ ki, heç başlamayıb. “Onlardan bəziləri COVAX vasitəsilə vaksinlər üçün müraciət etməyiblər, digərləri isə hələ immunlaşdırma kampaniyasını aparmağa hazır deyillər…”, – deyə ÜST rəhbəri bildirib.

O əlavə edib ki, hətta vaksinasiyanın başlandığı ölkələrdə belə, əhalinin qalan hissəsi bir tərəfə, bütün səhiyyə işçiləri üçün hələ kifayət qədər dozalar yoxdur. BMT rəhbəri vaksinlərin bölüşdürülməsində disbalansı “şok” adlandırıb.

“Bütün dünyada 700 milyondan artıq dozada vaksin istehsal olunub, lakin onların 87 faizindən çoxu orta səviyyədən yüksək və ya yüksək gəlirləri olan ölkələrin sərəncamındadır, halbuki aşağı gəlirli ölkələr bu ehtiyatın yalnız 0,2 faizini alıblar”, – deyə doktor Tedros Qebreyesus bildirib. Orta hesabla, yüksək gəlir səviyyəsinə malik ölkələrdə vaksini demək olar ki, hər dördüncü şəxs, aşağı gəliri olan ölkələrdə isə 500 nəfərdən biri alıb.

Hazırda Azərbaycanda koronavirusa qarşı 1 milyon 111 min 722 vaksin vurulub. Birinci mərhələdə peyvənd olunanların sayı 706 min 433, ikinci mərhələdə isə 405 min 289 nəfər olub.

Vaksinasiya ilə bağlı mümkün risklər barədə danışarkən, ÜST rəhbəri qeyd edib ki, istənilən peyvənd və istənilən dərman yan təsirlərə səbəb ola bilər. O əlavə edib ki, COVID-19 xəstəliyinin ağır keçməsi və ölümün ehtimalı peyvəndlərlə bağlı bəzi yan təsirlərin yaranması riskindən dəfələrlə yüksəkdir.

Tedros Qebreyesus bir daha vurğulayıb ki, immunizasiya yoluxmanın qarşısının alınması və həyatın xilas edilməsi vasitələrindən yalnız biridir. O, virusa qarşı digər müdafiə tədbirlərini də zəiflətməməyə çağırıb.

Tedros Qebreyesusun həmkarı Marqaret Harris jurnalistlərin suallarını cavablandırarkən, dünyanın bir çox yerində, koronavirus səbəbindən yeni xəstəlik və ölüm hallarının sayının sürətlə artdığını bildirib, buna görə də doktor Tedros Qebreyesus kimi, o da vaksinasiyanı sürətləndirməyə çağırıb.

Marqaret Harris hazırda ÜST-nin Çinin “Sinofarm” və “Sinovak” peyvəndləri haqqında məlumatları öyrəndiyini təsdiqləyib. Onun dediyi kimi, bu proses son mərhələdədir. İki vaksin üzrə qərarların aprel ayının sonuna qədər qəbul ediləcəyi gözlənilir. Rusiyanın “Sputnik V” vaksininə gəlincə, Harrisin sözlərinə görə, onun qiymətləndirilməsi prosesi hələ “yekun mərhələyə çatmayıb” və hələlik ÜST-də bu vaksinin nə vaxt təsdiqlənəcəyini deyə bilmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“”Media haqqında qanun” layihəsi hazırlanıb” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 2192 nəfər COVID-19-a yoluxub –