“XİN-dəki həbslər böyük biabırçılıqdır” –

İsa Qəmbər
11 İyul 2020 - 19:33

“Xarici İşlər Nazirliyi Azərbaycanın təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilib”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin sabiq sədri İsa Qəmbər DTX-nın XİN-də apardığı həbsləri “Amerikanın Səsi” radiosuna şərh edərkən deyib.

İ.Qəmbər deyib ki, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisinin rüşvət ittihamı ilə həbsi çox böyük biabırçılıqdır: “Əslində Xarici İşlər Nazirliyi, konsulluq idarələri, səfirliklər dövlətin, xalqın bir siması olmalıdırlar. Dövlətin, xalqın siması olmalı, qapısı olmalı bir strukurda bu cür hallara yol verilməsi dəhşətli dərəcədə utancverici bir hadisədir. Eyni zamanda, təbii ki, ölkənin təhlükəsizliyinə də ciddi təhdiddir. Yəni ayrı-ayrı şəxslərə sənəd verilməsi, viza verilməsi, müxtəlif sənədlərin leqallaşdırılması və sairənin rüşvət müqabilində edilməsi o deməkdir ki, istənilən təhlükəli qüvvələr istədikləri vaxtı Azərbaycan məmurlarına rüşvət verib Azərbaycana gələ bilirlər, gedə bilirlər, burada səndələrini təkmilləşdirə bilirlər”.

O, konsul xidmətinə nəzarət edən qurumların məsuliyyəti ilə bağlı sualın cavabında deyib ki, orada açıq-aydın bildirişlər verdilər: “Yəni saxlanılan şəxslər elə ilk ifadələrində bildirdilər ki, ‘biz rüşvət almışıq və aldığımızın 20 faizini iki adam arasında 10 faiz, 10 faiz bölüşdürmüşük. Qalan 80 faiz isə guya Xarici İşlər Nazirliyinin xərclərinə gedib.’ Hansı xərclərə gedib? Bəs, dövlət büdcəsindən həmin nazirliyə ayrılan pullar hara gedir? Təbii ki, bu bir neçə məmurun cinayəti deyil. Bu cinayətlərə görə Xarici İşlər Nazirliyinin rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır”.