XİN rəsmisi İranda səfirliyimizə terror hucumunun detallarını açıqladı

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə İrandakı səfirliyimizə terror hucumu ilə bağlı bir sıra məqamları açıqlayıb.

Azpost.info-nun məlumatına görə, XİN nümayəndəsi bildirib ki, giriş qapısındakı İran polisinin əməkdaşı nəinki hadisəyə müdaxilə etməyib, hətta ərazidən uzaqlaşıb.

Onun sözlərinə görə, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb, özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb.

A.Hacızadənin sözlərinə görə, İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılarkən onunla cinayətkar kimi rəftar edilməyib. İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir.

XİN rəsmisi qeyd edib ki, son günlər sosial şəbəkələrdə yayılmış məlumatlarda terror hadisəsinin xronologiyası ilə əlaqədar bir sıra qeyri-dəqiq şərhlərə yol verilir: “Buna əsas səbəb videogörüntülərin xronometraja səhv istinadların olmasıdır. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameralarında 24 dəqiqə erkən vaxt müşahidə olunur. Bu fərq də bəzi texniki amillərlə mövcuddur. Səfirliyin içində və çölündəki kameralarda zaman fərqi var. Bu zaman fərqi də 24 dəqiqəyə bərabərdir”. (APA)

Ayxan Hacızadə səfirliyə hücum üçün terrorçunun məhz cümə gününü seçməsinə diqqət yetirib: “İranda həmin gün istirahət günüdür. Terror aktına mane olan hər hansı halları minimuma endirmək məqsədilə özü ilə hadisə yerinə avtomat silahı, güllələrlə dolu daraq, tapança, eyni zamanda “Molotov kokteyli” və digər yandırıcı maddələr gətirməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”.

“Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur“-deyə Ayxan Hacızadə mətbuat brifinqində deyib.

O bildirib ki, səsləndirilən bəyanatların heç bir əsası yoxdur: “Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib”.

Ayxan Hacızadə vurğulayıb ki, müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil: “Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”.

XİN sözçüsü bildirib ki, bu barədə səsləndirilən bəyanatlar əsassızdır.

XİN rəsmisinin sözlərinə görə, İranın Azərbaycandakı səfirliyinin fəaliyyəti ilə bağlı biz tərəfdən heç bir rəsmi müraciət olmayıb. O bildirib ki, növbəti mərhələlərdə hansı addımların atılacağı hələlik məlum deyil: “Bu barədə hansısa bir qərar da yoxdur”.

Ayxan Hacızadə deyib ki, hadisədən sonra İran polisinin fəaliyyəti onu göstərir ki, İran tərəfi indiki məqamda tutarlı tədbirlər görmək niyyətində deyil”. (APA)

Əvvəlki məqalə

DYP hava şəraiti ilə bağlı müraciət etdi

Sonrakı məqalə

İspaniyada kriptoaslılıqdan qurtulmaq üçün mərkəz açılıb