Yanvarın 1-dən bütün dövlət tenderləri rəqəmsal qaydada keçiriləcək

Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi ilə gələn il yanvarın 1-dən dövlət satınalmalarının 100 faiz rəqəmsal platformalardan istifadə etməklə təşkili və aparılması nəzərdə tutulur.

Bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar” adlı tədbirdə deyib.

“Qanun layihəsi beynəlxalq təcrübəyə uyğun hazırlanıb və hazırda bütün proseslər və neqativ hallar dövlət qurumlarından və bazardan alınan rəylər əsasında qiymətləndirilib. Nəticədə yanvarın 1-dən Azərbaycanda bütün dövlət satınalmaları rəqəmsal platformalardan istifadə edilməklə həyata keçiriləcək. İnanırıq ki, yeni qanunla tətbiq edilən rəqəmsallaşma təkcə əlçatanlıq və şəffaflıq baxımından deyil, həm də dərin dövlət satınalmaları məlumatlarına əsaslanan alternativ, daha səmərəli və effektiv həllərin ortaya çıxması baxımından faydalı olacaq. Müvafiq olaraq, yeni qanun artıq dövlət satınalmaları üçün elektron platformanın təkmilləşdirilməsinin son mərhələsindədir. Biz süni intellektdən istifadə etməklə dövlət satınalmalarında qüsurları müəyyən etmək üçün tərəfdaş şirkətlərlə işləyirik” – deyə Məmməd Abbasbəyli bildirib.

Onun sözlərinə görə, Dövlət Xidməti üçün xidmət platformasının və keyfiyyətli platformanın yaradılması son mərhələdədir: “Bu platformalar tətbiq olunduqdan sonra Xidmətin bütün fəaliyyəti rəqəmsallaşdırılacaq”. (APA)

Əvvəlki məqalə

Qarabağdakı mərmər zavodunda xeyli silah-sursat aşkarlanıb –

Sonrakı məqalə

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı –