Yeni yaradılmış İqtisadi Şura nə vəd edir? –RƏYLƏR

Prezident İlham Əliyev dünən, sentyabrın 9-da Azərbaycan İqtisadi Şurasının (İŞ) yaradılması barədə fərman imzalayıb. Eyni zamanda, o, 2016-cı ildə yaratdığı Maliyyə Sabitliyi Şurasını (MSŞ) ləğv edib.

Sənəddə yeni şuranın yaradılması iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması ilə əsaslandırılır.

Fərmanda vurğulanır ki, yeni sənəd postpandemiya (koronavirus) dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasını formalaşdırır.

Nazirlər Kabinetinin (NK) sədri eyni zamanda İŞ-nın sədri olacaq. Qurumun tərkibi 10 nəfər üzvdən ibarətdir. Üzvlər, əsasən, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, bəzi nazirliklərin və Mərkəzi Bankın təmsilçilərindən ibarətdir.

Deputat Vahid Əhmədov “Turan” agentliyinə mövzu ilə bağlı açıqlamasında deyib ki, Prezident yanında İqtisadi Şuranın yaradılması, ölkə iqtisadiyyatındakı problemlərin həlli üçün lazımdır: “Çox istərdim ki, İŞ-də müstəqil iqtisadçılar, iqtisadçı millət vəkilləri olsunlar. Yəni, bu qurumda alternativ fikirlər də eşidilsin”.

Onun vurğulamasına görə, İŞ-nın indiki tərkibi də əhəmiyyətlidir, amma onlar məmurlardır, bu işi görmək vəzifə borclarıdır: “Amma tərkib bizim dediyimiz kimi olsaydı, çox müsbət nəticəsi olardı”.

İŞ-nın fəaliyyətinə gəlincə, deputat deyib ki, pandemiya dövrünün nə zaman başa çatacağını heç kəs bilmir, odur ki, qurum hələ uzun müddət yol getməli olacaq.

“Əgər belə qurumlar olacaqsa, o zaman Nazirlər Kabineti nəyə lazımdır?”

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna açıqlamasında hər iki qurum arasında paralellər aparıb: “2016-cı ildə ölkədə MSŞ yaradılmışdı. Onun əsas hədəfi ölkədə makroiqtisadi sabitliyin təmin olunması üçün addımlar atmaq və təkliflər paketi hazırlamaq idi. Amma həmin zaman Şuranın fəaliyyəti ilə bağlı geniş məlumat verilmədi. İndi həmin Şura ləğv edilir, yerini İqtisadi Şura tutur. Yeni şuranın da əsas məqsədi yenə də ölkədə makroiqtisadi sabitlikdən irəli gələrək postpandemiya dövrünə hazırlıqlarla bağlı təkliflər paketinin hazırlanmasıdır”.

Amma iqtisadçı bu təcrübəni o qədər də etibarlı saymır. N.Cəfərli əlavə edib ki, İŞ-nın tərkibi, əsasən, NK və Prezident Administrasiyasının təmsilçilərindən ibarətdir. Onun fikrincə, prezident üsul-idarəsində NK-nin yeri görünmür: “Əgər belə qurumlar olacaqsa, o zaman Nazirlər Kabineti nəyə lazımdır? Ona görə də artıq yeni idarəetmə islahatlarına, Konstitusiya dəyişikliklərinə keçidin zamanı yetişib. Ard-arda verilən bu tipli fərmanlar göstərir ki, indiki idarəetmə sistemi günümüzün çağırışlarına cavab vermir”.

İqtisadçı əlavə edib ki, eyni adamların müxtəlif şuralarda təmsil olunmasıyla ölkənin qarşısında duran ağır iqtisadi problemlər həll olunmayacaq.

Bu fikirlərə, hələlik, Prezident Administrasiyası və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq icra başçısı Vilyam Hacıyevin şikayəti təmin edilməyib –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 142 nəfər COVID-19-a yoluxub-