Rusiya ilə Şimali Koreya arasında gərginlik yaranıb. Buna səbəb Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko-nun oktyabr ayında verdiyi açıqlama olub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, Andrey Rudenko gələcəkdə Kremlin Seul və Pxenyan arasındakı münasibətlərin gərginliyinin azaldılmasına yardım edəcəyini bildirib. Bu açıqlama Şimali Koreyada narazılıq doğurub.

Ayın sonunda KXDR-in xarici işlər naziri Çve Son Hi bu cür bəyanatların iki dövlət arasında müttəfiqlik razılaşmalarının xarakterinə uyğun olmadığını vurğulayıb. O, həmçinin Rusiyanın Cənubi Koreyaya münasibətdə yürütdüyü siyasətlə bağlı izahat tələb edib.

Çve Son Hi Rusiyaya hərbi dəstəyin müvəqqəti dayandırıldığını bəyan edib. Mövcud məlumatlara görə, müvafiq qərarı şəxsən Kim Çen In qəbul edib.

Məhdudiyyətlərə, xüsusilə, Rusiya hərbi-nəqliyyat təyyarələrinin Şimali Koreyanın hava məkanından istifadəsinə qadağa qoyulması, KN-23 ballistik raketlərinin və növbəti artilleriya sursatı partiyasının tədarükünün dayandırılması daxildir.

Bundan başqa, Pxenyan Rusiyanın öz ərazisindəki Şimali Koreya hərbi kontingentinin sayının 8,5 mindən 50 min nəfərə çatdırılması ilə bağlı müraciətinin icrasını ləngidir.

Bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

N.Talıblı