Ukraynanın Aralıq və Baltik dənizlərində Rusiya gəmilərinə hücumları bir sıra Avropa ölkələrinin hakimiyyət orqanlarında narazılıq doğurub. İtaliyanın baş naziri Corcia Meloni müharibənin Aralıq dənizinə yayılmamalı olduğunu bildirib, Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Kiyevi münaqişənin coğrafiyasını genişləndirməməyə çağırıb.
“Ukraynalı dostlarımızla son günlər apardığımız danışıqlarda olduğu kimi, bu mövqeyi açıq şəkildə ifadə etməliyik”, – Meloni Brüsseldə Avropa İttifaqının sammiti çərçivəsində bildirib.
O vurğulayıb ki, Ukraynanın Rusiyaya qarşı özünü müdafiə etmək hüququ var, lakin Avropa sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini də nəzərə almaq lazımdır.
Bloomberg-in vəziyyətlə tanış olan mənbələrinin bildirdiyinə görə, Liviyanın Benqazi limanına hücum Romada, o cümlədən müdafiə naziri Quido Krozettoda narazılıq və təəccüb doğurub.
Mənbələrin sözlərinə görə, müharibənin parçalandığı Liviya keçmiş müstəmləkə olduğu üçün İtaliya xüsusi xidmət orqanlarının fəaliyyətində mühüm istiqamət olaraq qalır. Romada ehtiyat edirlər ki, bu cür zərbələr Afrika ölkəsində vəziyyəti daha da qeyri-sabitləşdirə və yeni qaçqın axınına səbəb ola bilər.
Vadeful isə bildirib ki, Almaniya Ukraynanın özünümüdafiə hüququnu tanıyır və Rusiya hərbi obyektlərinə zərbələri qanuni hesab edir, lakin münaqişənin coğrafiyasının genişlənməsinin əleyhinədir.
“Biz münaqişənin yayılmasının qarşısını almalı və onun daha da kəskinləşməsinə imkan verməməliyik”, – nazir vurğulayıb.
O, həmçinin Baltik dənizində gəmiçilik və ətraf mühit üçün yarana biləcək təhlükələrdən narahatlığını ifadə edib. Bildirilir ki, noyabrın 21-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Müdafiə Nazirliyinin maraqları çərçivəsində silah daşınmasında iştirak edən “Sparta II” yük gəmisini vurub.
Noyabrın 22-də Ukrayna dəniz dronları vasitəsilə Rusiyanın “Merkuri” korvetini batırıb, “Angara” yük gəmisinə isə Livya sahillərində zərər vurub. Ukrayna prezidenti Volodimir Zelenski Aralıq və Baltik dənizlərindəki əməliyyatların Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Bununla yanaşı, Zelenski həmin əməliyyatların Avropadakı tərəfdaşlar arasında “müxtəlif reaksiyalar” doğurduğunu etiraf edib. O, gələcəkdə müttəfiqlər arasında “gözlənilməzliklərin” yaranmaması üçün nazirlərə və hərbçilərə əməliyyatlar barədə tərəfdaşları daha ətraflı məlumatlandırmağı tapşırıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp da Ukraynanı müharibənin digər ölkələrə yayılmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. Bununla əlaqədar o, NATO-nun baş katibi Mark Rütte ilə birgə bəyanatın mətnini dəyişdirib. İlkin variantda bəyanat yalnız Rusiyaya aid idi.