Əlli altı il ərzində çəkilən sənədli film –7 uşağın 63 yaşına qədər izlənən ömrü FOTO/VİDEO

Sosial eksperimentlər çərçivəsində yer alan, eləcə də real həyatı özündə əks etdirən dünya üzrə ən fərqli sənədli film 56 il ərzində çəkilib. Filmin ssenariləşdirilmiş süjet xətti və əvvəlcədən seçilmiş aktyor heyəti yoxdur. Dünyanın ən görkəmli film tənqidçisi, rejissor və ssenarist Rocer Ebert tərəfindən hazırlanan “Yeddidən yuxarı” adlı sənədli film adi insanların həyatından bəhs edir.

Ekran əsəri 1964-cü ildən bəri mütəmadi olaraq çəkilərək yayımlanır. Sənədli film qeyri-adi bacarıqları olmayan 7 yaş dövründə olan adi uşaqların davamlı həyat hekayələri haqqındadır. Onların hər birinin ayrıca həyat hekayələri var. Həmin uşaqlar müxtəlif sosial təbəqə və sosial dairələrdəndir.

Uşaqlardan birinin adı Nikdir, kasıb fermer ailəsində anadan olub. O, hər gün evdən məktəbinə qədər 6 km yol qət edir. Nik xəyalpərəst uşaqdır, o, böyüyəndə yerin təbii peyki olan Ayda nə baş verdiyini bilmək istəyir. Onu da vurğulayaq ki, bu sənədli film çəkiləndə insan övladının Aya ayaq basmasına hələ 5 il vaxt qalırdı.

Yarım əsr keçdi, növbəti çəkilişlərin nəticəsi olaraq Nik hazırda nə edir və ümumilikdə bu sənədli filmdə iştirak edən insanların gələcək həyatı hansı formada davam edəcək? İlk çəkilişləri 1964-cü ildə başlayan “Yeddidən yuxarı” sənədli filmində bu suallara cavab axtarılırdı. Birinci epizodda topladıqları 20 uşaqdan 14-ü seçilərək hər 7 ildən bir onlarla yenidən görüş müqabilində yeni epizod çəkilib. Beləcə sənədli filmin prodüseri və rejissoru Maykl Apted bu ideyanı həyatının layihəsinə çevirib. Real həyatı özündə əks etdirən, sosial eksperiment çərçivəsində olan bu sənədli filmdə biz həmin insanların 7, 14, 21, 28, 35, 42, 49, 56 və 63 yaşlarındakı həyatlarını izləyə bilmək imkanına sahib oluruq.

Onu da vurğulayaq ki, belə uzunmüddətli layihədə müəyyən çatışmazlıqlar da olur. Filmin ilk epizodundan 21 il sonra 1984-cü ildə yayımlanan 4-cü bölümdə 2 uşaq, daha doğrusu 28 yaşı tamam olan iki nəfər çəkilişlərin davamında iştirak edə bilməyib.

İnsanların real həyatını özündə əks etdirən ilk belə layihədə insan həyatı 7 illik fasilələrlə əvvəldən axıra kimi mütəmadi çəkilişlərlə qeydə alınıb. Onu da vurğulayaq ki, sənədli film təsadüfi seçilmiş adi insanların həyatından bəhs edir. Onların həyatları filmlərə mövzu olacaq hekayədən ibarət deyil. Filmlərə baxanda həmişə qeyri-adi hadisələr, maraqlı süjet xəttinin görəcəyini gözləyirsən. Ancaq bu sənədli filmdəki insanlar adi günlərdəki kimi məktəbə gedir, məzun olur, işə düzəlir, ailə həyatı qurur, uşaq sahibi olur və bəziləri boşanır, həmçinin işsiz qalır. Sənədli filmin hansı hissəsini izləməyimizdən asılı olmayaraq, hansısa səhnəsində keçmişimizi və ya gələcəyimizi görə bilirik. Tamamilə təsadüfi seçilmiş bu insanların həyatlarını izlədikcə qarşıdakı 7 ilin onlara nə gətirəcəyi izləyiciyə maraq doğurur. Sənədli filmin prodüserləri, ilk növbədə, uşaqlardan yalnız üçünün uğur qazanacağını düşünürdülər, amma sonra bu fikir özünü doğrultmur. Çünki Nik o 3 nəfərin arasında olmur. O, sosial status baxımından bəxtsiz doğulub. Amma görürük ki, sonradan Oksford Universitetini qazanaraq, ABŞ-da nüvə fizikası üzrə işləməyə başlayır. Sənədli filmin dördüncü bölümündə o, 28 yaşında evlənir. Ailə qurduğu şəxs tamaşaçılardan gələn tənqidləri bəyənmədiyi üçün çəkilişlərdə iştirak etməkdən imtina edir. Çünki tənqidlər bu evliliyin davamlı olmayacağı fikrini özündə əks etdirirdi. Sənədli filmin davamında isə lentə alınan epizodda Nikin boşanıb başqa qadınla evlənməsinin şahidi oluruq. Hazırda 66 yaşında olan Nik nüvə fizikası professorudur.

Sənədli filmdə bizə nümayiş etdirdikləri hər bir insan, əslində, yeddi ildən bir həyatında yeni mərhələyə keçən insana çevrilir. Yeddi yaşından bəri həyatını izlədiyimiz Nikin hekayəsindəki çətinliklə başlayan həyatında o, mübarizə apararaq qalib gəlib. Öz sözləri ilə desək, hazırda dünyanın ən gözəl qadını ilə evlidir və onu sevən uşaqları, həmçinin nəvələri var. Karyerasındakı uğurlara gəlincə isə, nüvə fizikası professoru kimi o, karyerasında olmaq istədiyi nöqtəyə çatıb. Lakin böyük ehtimalla Nik növbəti epizodda olmayacaq. Çünki əvvəlki epizodda sağlam olan bu adam son ildə boğaz xərçənginə tutulub.

Nik deyir: “Bu, mənim həyatımı tam əks etdirmir. Amma bu, kiminsə həyatının tablosu ola bilər”.

Qeyd edək ki, ilk çəkilişləri 1964-cü ildə başlayan “Yeddidən yuxarı” sənədli filmini çəkərkən prodüserlər yalnız bir epizodu düşünürdülər, onların məqsədi fərqli sosial siniflərin insan həyatına, davranışına necə təsir etdiyini anlatmaq idi. Hətta düşünürdülər ki, əgər zəngin doğulmusansa, yaxşı təhsil almaq baxımından şanslısan. Hətta maddiyatın verdiyi imkanlar sayəsində bir çox başlanğıclarda çoxlarından öndə olacaqsan. Biz bu dünyada kasıb və ya zəngin doğuluruq, çox çalışaraq uğurlara imza atırıq, hətta uduzduğumuz məqamlar da olur, çünki həyat enişli-yoxuşlu qəribəliklərlə zəngindir. Adi həyatlardan bəhs edən bu sənədli filmi xüsusi edən də elə budur.

 

Əvvəlki məqalə

Avropa İttifaqı Ukraynaya silah üçün yenə 500 milyon ayırmaq istəyir

Sonrakı məqalə

“Qarabağ” “Lex”i darmadağın etdi –