Bu, mənim yubiley ilimdə – 75 yaşımda üçüncü sərgimdir. Bu il silsilə sərgilər keçirməyi hədəfləmişdim, buna da əməl edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqında fərdi sərgisini açan Əməkdar artist, aktrisa və rəssam Suğra Bağırzadə deyib.
Şirvanşahlar sarayı kompleksində cari ilin mayında açılan 65 əsərdən ibarət fərdi sərgisindən danışan Əməkdar artist digər qalereyalarda da sərgisini açdığını vurğulayıb: “Burada açılan sərgi mənim üçün çox vacibdir, ona görə ki, bu, dostlarım qarşısında bir hesabatımdır. Çünki izləyicilərdən başqa, burada mənim rəssam dostlarım da əsərlərimə qiymət verirlər. Bugünkü sərgimdə yeni əsərlərim də var. Bu baxımdan nar, çəmənliklər, daha sonra canlı güllərdən hazırladığım payız əhval-ruhiyyəsi və s. əsərləri qeyd etmək olar. Əsərlərimdə əsasən yaz əhvalı duyulur. Amma indi payız olduğuna görə, bu əsərləri xüsusilə meşələrdən yığdığım sarı güllərdən, həmçinin dibçək güllərindən böyük sevgi ilə yaratmışam”.