İran Rusiyaya çoxlu sayda güclü “yer-yer” tipli ballistik raketlər verib.
Azpost.info bildirir ki, bu barədə “Reuters” altı mötəbər mənbəyə istinadən məlumat yayıb.
“Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, – deyə İran rəsmilərindən biri agentliyə bildirib.
İranın üç mənbəsi agentliyə bildirib ki, İran Rusiyaya 400-ə yaxın raket verib. Onların əksəriyyəti “Fateh-110” qısa mənzilli ballistik raketlər ailəsinə aiddir. Bura həmçinin 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Zülfiqar” raketləri də daxildir.
Bildirilir ki, Rusiya indiyədək ən azı dörd raket partiyasını alıb. Yaxın həftələrdə daha çox raket dəstinin daşınacağı gözlənilir.
İranlı mənbələrdən birinə görə, İran və Rusiya hərbçiləri arasında Tehran və Moskva görüşləri zamanı əldə olunmuş razılaşmanın şərtlərinə əsasən, çatdırılmalar yanvarın əvvəlindən başlayıb.
Reuters əlavə edib ki, İranın Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.