Xolesterini azaltmağa kömək edən sadə içki açıqlandı– Gündə 3 fincan

çay
çay

Qanda xolesterinin yüksək olması zamanla qan damarlarında yağlı çöküntülərin yığılmasına və damarların daralması riskinin artmasına səbəb ola bilər. Araşdırmalara görə, yaşıl çay bəzi insanlarda xolesterin göstəricilərinin yaxşılaşmasına kömək edə bilər.

Bu barədə ABŞ Milli Tibb Kitabxanasında yayımlanan araşdırmada məlumat verilib.

Yaşıl çay xolesterinə necə təsir edir?

Yüksək xolesterinin yaranmasına təsir edən əsas amillərdən biri qidalanmadır. Xüsusilə doymuş yağların həddindən artıq qəbulu bəzi insanlarda qanda LDL, yəni “pis” xolesterinin səviyyəsini yüksəldə bilər.

Araşdırmalara əsasən, yaşıl çayın tərkibində olan polifenollar və katexinlər xolesterin səviyyəsinin azalmasına müsbət təsir göstərə bilər.

Bu təsirin həm artıq çəkisi olan, həm də normal bədən çəkisinə malik iştirakçılarda müşahidə edildiyi bildirilir.

Harvard İctimai Sağlamlıq Məktəbinin qidalanma üzrə professoru Tereza Funq yaşıl çayın tərkibindəki katexinlərin ürək-damar xəstəlikləri riskinin azaldılmasına kömək edə biləcəyini qeyd edir. O, daha yaxşı nəticə üçün gündə üç fincan yaşıl çay içməyi tövsiyə edir.

Xolesterinin yüksəlməsinin əsas səbəbləri

Xolesterinin yüksək olmasına təsir edən amillər bunlardır:

  • Qeyri-sağlam qidalanma və doymuş yağların çox qəbulu
  • Artıq çəki
  • Fiziki aktivliyin azlığı
  • İrsi meyillilik
  • Siqaret çəkmək
  • Qaraciyər və mədəaltı vəzi xəstəlikləri
  • Maddələr mübadiləsinin pozulması
  • Şəkərli diabet və digər endokrin xəstəliklər
  • Xroniki böyrək xəstəlikləri
  • Bəzi dərmanların, o cümlədən kortikosteroidlərin uzun müddət istifadəsi

Yaşıl çay hər kəs üçün uyğun deyil

Mütəxəssislər yaşıl çayın hər kəs üçün uyğun olmaya biləcəyini də qeyd edirlər. Xüsusilə yüksək həyəcanlılıq və taxikardiyası olan şəxslərin ehtiyatlı olması tövsiyə edilir.

Bəzi hallarda anemiyası, narahatlıq pozuntuları, qan laxtalanması ilə bağlı problemi, şəkərli diabeti, yüksək arterial təzyiqi, qıcıqlanmış bağırsaq sindromu, osteoporozu və ya qlaukoması olan şəxslərin yaşıl çaydan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi məqsədəuyğundur.

Mütəxəssislər vurğulayırlar ki, yaşıl çay yüksək xolesterinin müalicəsini əvəz etmir. Xolesterin səviyyəsinin normada saxlanması üçün düzgün qidalanma, fiziki aktivlik və həkim tövsiyələrinə əməl etmək vacibdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.