Rusiya İran ərazisində Rəşt–Astara dəmir yolu xəttinin 162 kilometrlik marşrutu boyunca mühəndis-geoloji və digər tədqiqatların aparılması üçün lazım olan bütün ərazilərə çıxış əldə edib.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov “Farhikhtegan” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə dəmir yolunun tikintisinə hazırlıq işləri aparılır.
Marşrut boyunca torpaq sahələrinə çıxışın təmin edilməsi ilə bağlı protokol noyabrın 4-də Tehranda Rusiyanın “Caspian Services” şirkəti ilə İranın CDTIC şirkəti arasında imzalanıb. Daha əvvəl Rusiya tərəfinə ümumi uzunluğu 125 kilometr olan ərazilər təqdim edilmişdi. Noyabrın əvvəlində isə qalan 37 kilometrlik sahəyə də çıxış təmin olunub.
Rusiya mütəxəssisləri artıq geodeziya istinad şəbəkəsi yaradıb və aerofotoçəkiliş həyata keçiriblər. Hazırda hidroloji-meteoroloji tədqiqatlar və topoqrafik çəkiliş işləri aparılır.
Rəşt–Astara dəmir yolu Rusiyanın və İranın dəmir yolu şəbəkələrini birləşdirməli, Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun mühüm hissəsinə çevrilməlidir.
Layihə başa çatdıqdan sonra yüklər Rusiyadan İranın cənubundakı limanlara nəqliyyat vasitəsini dəyişmədən dəmir yolu ilə daşına biləcək.
162 kilometr uzunluğunda dəmir yolu xəttinin tikintisi ilə bağlı saziş Moskva və Tehran arasında 2023-cü ilin mayında imzalanıb. Layihənin dəyəri təxminən 1,6 milyard avro qiymətləndirilir. Rusiyanın bunun 1,3 milyard avrosunu dövlətlərarası kredit şəklində təqdim etməyi planlaşdırdığı bildirilir.