“Ailələrin sosial müdafiəsi tədbirləri” layihəsinin icrası yekunlaşdırılıb –FOTOLAR

“Ailələrə Sosial Dəstək” İctimai Birliyi “Ailələrin sosial müdafiəsi tədbirləri” layihəsinin icrasını yekunlaşdırıb.

Layihə çərçivəsində sentyabrın 30-dan oktyabrın 7- dək Quba rayonu I Nügədi kəndində “Quba Peşə liseyi” nin kollektivi, o cümlədən tələbələri ilə görüşlər keçirildi. İctimai Birliyin sədri Esmira Rəhimova bildirir ki, layihənin məqsədi, insanların təsis etdiyi sosial qruplardan ən önəmlisinin ailə olduğunu maarifləndirmə üsulu ilə aşılamaqdır. O cümlədən, ailə kiçik sosial qrup olub, cəmiyyətin ilkin özəyini təşkil edərək, onu formalaşdıran əsas elementlərdən biri sayılır. Cəmiyətin inkişafında ailənin rolu böyükdür. Cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin əsası ailədə qoyulur. Bu mənada ailə cəmiyyətin insani dəyərlərinin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas meyardır. “Layihənin icrası zamanı ” Ailələrə Sosial Dəstək” ictimai birliyi olaraq, çalışdı ki, ictimai-sosial tədbirlərdən tutmuş, gənclərlə bağlı məsələlərə kimi bütün lokal məsələləri qlobal miqyasda yaysın. Birliyin fikrincə, bu gün qızların təhsilinə diqqətin artırılması çox zəruri bir məsələdir. Valideynlər qızların təhsil almaq hüququnu müdafiə etməlidirlər. Qızların təhsil alıb peşəyə yiyələnməsi çox vacibdir. Cəmiyyətin aparıcı qüvvəsi sayılan qadınların savadlı olmasının həm cəmiyyətin, həm də ailənin inkişafında çox böyük rolu var.

Birlik tədbir iştirakçıları arasında maarifləndirmə işi apararaq, qeyd etdi ki, qızların təhsildən yayınmasının bir səbəbi də erkən nigaha üstünlük verilməsidir. Birlik “bu günün qızları sabahın analarıdır”, deyir. Təbii ki, ananın ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Məhz elə bu baxımdan qadınların elm və biliyə sahib olmalarının nə dərəcədə vacib bir amil olduğunu hər kəs dərk etməlidir. Təhsilli, savadlı bir ana, doğru-dürüst övladlar yetişdirməkdə digərindən fərqlənəcək, öz övladını gələcək üçün mükəmməl bir şəxsiyyət kimi yetişdirməkdə daha bacarıqlı olacaqdır.

Gənc qızların tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə sıx bağlıdı, çünki uşaqların fərqli olan baxışları, qavrayışı, nitqi məhz ailədə, məktəbdə və cəmiyyətdə təşkil olunan tərbiyə əsasında formalaşır. Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir. Buna görə də layihənin icrası, ailə institutunun inkişafı istiqamətində düzgün təbliğat işi aparmaq olub. Birlik hesab edir ki, layihənin davamlı olması günün vacib şərtidir. Quba Peşə liseyində keçirilən altı tədbirdə 120 tələbə iştirak etdi.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Əvvəlki məqalə

Ankara prokurorluğu terror aktı ilə bağlı cinayət işi açıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Kazanda Çin lideri ilə ayaqüstü söhbət edib