AXC-nin 1991-ci ildə Azadlıq meydanında Rusiya ilə məşhur həmrəylik mitinqi –İsa Qəmbər Yeltsinə göndərdiyi məktubda nə xahiş edib? (TARİX)

1991-ci ilin avqustunda SSRİ-də baş vermiş dövlət çevrilişi cəhdi tarixə “QKÇP” adı ilə düşüb. Mühafizəkar sovet rəhbərliyi SSRİ respublikaları ilə yeni ittifaq müqaviləsinin bağlanmasının qarşısını almaq üçün bu addımı atmışdı.

Fövqəladə Komissiyanın üzvləri prezident Qorbaçovu Foros adasında ev dustaqlığında saxlayaraq, eyni zamanda, bütün SSRİ respublikalarına icra edilmək üçün öz təlimatlarını göndərmişdilər. Əsas məqsəd SSRİ-ni köhnə idarəçilik sisteminə qaytarmaq idi.

Lakin bu çevriliş cəhdi sovet vətəndaşlarının ciddi etirazı ilə qarşılandı. Həmin isti yay günlərində QKÇP-yə qarşı mübarizəyə Rusiya Federasiyasının prezidenti Boris Yeltsin rəhbərlik edirdi. Onun müqavimət qərargahına ölkənin hər yerindən insanlar gələrək, çevrilişə etirazlarını nümayiş etdirirdilər.

SSRİ respublikalarının rəhbərliyi ilk əvvəl QKÇP qiyamına necə reaksiya verəcəyini bilmirdi. Amma qısa vaxt ərzində bir sıra respublika rəhbərləri qiyamı pisləyən rəsmi bəyanatla çıxış etdilər. Lakin mühafizəkarların qiyamından sevinən rəhbərlər də olub. Bu respublikalardan biri də Azərbaycan idi. O zaman ölkəyə rəhbərlik edən prezident Ayaz Mütəllibov QKÇP-ni dəstəkləməklə dövrünün siyasi dəyişilik prosesindən bixəbərliyini bir daha nümayiş etdirib.

Rəsmi hakimiyyətdən fərqli olaraq, o zaman Azərbaycanın ən güclü siyasi qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsi elə ilk gündən QKÇP-ni pisləyən bəyanatla çıxış edərək, Boris Yeltsinlə birgə olduqlarını açıqlayıblar. AXC üzvlərindən bir qrup isə “Azadlıq” taboru adı altında Moskvada Ağ Evi müdafiə edən dəstənin tərkibində müqavimətdə iştirak da edib.

 Azpost.info o illərin maraqlı sənədlərindən birini oxucularına təqdim edir.

Rusiya Federasiyası Prezidentinin Arxivində (N 169 Ф.6. Оп.1.Д.169.Л.166-167) saxlanılan bu məktub Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi tərəfindən qiyamın yatırılmasından  4 gün sonra – 26 avqust 1991-ci ildə RSFSR prezidenti Boris Yeltsinə göndərilib. Həmin gün “Azadlıq” meydanında mitinq təyin edən AXC Bakı şəhəri hərbi komendantı tərəfindən təhdid edilib. Ölkə rəhbərliyi və sovet hərbçiləri Bakıda hər hansı mitinq keçirilməsinə imkan verməyəcəklərini bəyan ediblər.

Bundan sonra AXC, SSRİ-də faktik hakimiyyətə sahiblənmiş RSFSR prezidenti Yeltsinə məktubla müraciət edib. Müraciəti AXC nümayəndələri, Ali Sovetin deputatları olan İsa Qəmbər və Sabir Rüstəmxanlı imzalayıblar.

Məktubda deyilir:

“RSFSR prezidenti Boris Yeltsinə

Hörmətli Boris Nikolayeviç,

Sizə məlumdur ki, ölkənin ictimai –siyasi təşkilatları içərisində Azərbaycan Xalq Cəbhəsi ilk olaraq QKÇP qiyamını pisləyən bəyanatla çıxış edib və xalqı, Azərbaycan rəhbərliyini onların verdiyi əmrləri və tapşırıqları icra etməməyə çağırıb. AXC bəyan edib ki, bütün şərtlər daxilində demokratiya uğrunda mübarizəni davam etdirəcək.

AXC ölkədə demokratik qüvvələrin qələbəsi və Azərbaycanda demokratiyanın tezliklə bərqərar olması şərəfinə avqustun 26-na mitinq elan edib. Lakin mitinqin dağıdılacağı və iştirakçıların qəddarcasına döyüləcəyi ilə bağlı ciddi narahtlıq vardır. Bununla bağlı müvafiq təhdid Bakı şəhərini hərbi komendantı və güc strukturlarının rəhbərləri tərəfindən səsləndirilib. Bu təhdidlərə əl atılacağına əsaslarımız yetərincədir.  Belə ki, bir neçə gün əvvəl AXC qərargahı qabağında keçirdiyimiz mitinq qəddarcasına dağıdılıb, AXC rəhbərliyindən və fəallardan 60 nəfər döyülüb və həbs olunub. Onların arasında AXC sədri və altı xalq deputatı var…”.

Daha sonra İsa Qəmbər və Sabir Rüstəmxanlı mitinqin sovet ordusu hissələri tərəfindən dağıdılmasının qarşısının alınması üçün Bakı şəhər hərbi komendantına müvafiq təlimatın verilməsini xahiş ediblər.

Sənədi AXC İcraiyyə Komitəsinin sədri adından İsa Qəmbər və “Müstəqil Azərbaycan” Deputat blokunun həmsədri Sabir Rüstəmxanlı imzalayıblar.

Həmin gün “Azadlıq” meydanında təyin olunmuş izdihamlı mitinq baş tutub. Sovet ordusu meydanın mühasirəsini dayandıraraq ərazini tərk edib. Böyük coşqu ilə Azadlıq meydanına daxil olan 100 minlərlə insan Rusiya demokratik hərəkatı ilə həmrəylik nümayiş etdiriblər. Məhz bu mitinqdən sonra prezident Ayaz Mütəllibov və Azərbaycan siyasi hakimiyyətinin zəifləməsi prosesi başlanıb.

 Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Namizədliyim yenidən irəli sürülərsə, sədr seçilməyə hazıram”

Sonrakı məqalə

Prezident İlham Əliyev Nikolas Maduro ilə görüşüb