“AYB uçurumun kənarına gəlib, onu AMEA-nın taleyi gözləyə bilər” –Tanınmış yazıçı Qurban Yaquboğlu

“Azərbaycan Yazıçılar Birliyi uçurumun kənarına gəlib, onun gələcək perspektivi ciddi sual altına düşüb”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və publisist Qurban Yaquboğlu AYB-nın sentyabrda keçiriləcək qurultayı ilə bağlı fikirlərini Azpost.info-ya açıqlayarkən deyib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi növbəti qurultayına hazırlaşır. Birliyin sədri, Xalq yazıçısı Anar KİV-ə açıqlamasında bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb. Qurultayın sentyabrın ikinci yarısında keçirilməsi nəzərdə tutulub.

Yazıçı Qurban Yaquboğlunun sözlərinə görə, Xalq yazıçısı Anardan sonra Azərbaycan Yazıçılar Birliyinin taleyinin necə olacağıyla bağlı əndişlərin, təəssüf ki, əsası var: “Adama elə gəlir ki, onu da AMEA-nın taleyi gözləyə, bu qocaman yaradıcı təşkilatı da islahatlar seli yuyub apara bilər. Məsələ burasındadır ki, uzun müddət bir şəxsin üzərində dayaq tapmış AYB faktiki həmin şəxsin mövcudluğuyla eyniləşdi. Belə bir sürəklilik həmin birinci şəxsə nə qədər fayda gətirsə də, təşkilatın özünün mövcudluq perspektivinə ciddi ziyan vurdu”.

Q.Yaquboğlunun fikrincə, AYB-nin təşkilati gələcəyini düşünən ağıllı iddiaçılar buna imkan verməməliydilər. Təbii ki, qurumun yaşamasını istəyirdilərsə… “İndi AYB uçurumun kənarına gəlib, onun gələcək perspektivi ciddi sual altına düşüb. Rəhbərliklə varlığı eyniləşmiş AYB-ni xilas etmək mümkün olacaqmı? Bu suala birmənalı cavab vermək zor görünür. İnanıram ki, AYB-də təşkilatı bu çətin vəziyyətdən çıxışa aparan adamlar tapılacaq”-deyə yazıçı vurğulayıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Sonrakı məqalə

“Latviya Rusiya ilə dava etməklə özünü məhv edir”