24 noyabr 2026-cı il tarixində İstanbulun Cemal Reşit Rey (CRR) Konsert Zalında azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirilib.

Həmin axşam maestro Türkiyənin tanınmış musiqi kollektivlərindən biri olan Cemal Reşit Rey (CRR) Simfonik Orkestri ilə çıxış edib. Konsertin solisti isə tanınmış türk arfa ifaçısı Merve Kocabeyler olub.

Konsert proqramı dünya simfonik musiqi ədəbiyyatının üç görkəmli əsərini özündə birləşdirərək dinləyicilərə musiqi ənənəsinin müxtəlif çalarlarını təqdim edib.

Gecə Qustav Malerin 5 saylı Simfoniyasından təsirli Adagietto ilə açılıb.

Birinci hissənin əsas hadisəsi Reynqold Qliyerin arfa və orkestr üçün Mi-bemol major konserti, op. 74 olub. Solist Merve Kocabeyler bu əsərin ifasında alətin zəngin ifadə imkanlarını, virtuoz ifaçılıq məharətini və incə musiqi duyumunu nümayiş etdirib.

Konsertin ikinci hissəsində Pyotr İliç Çaykovskinin si minor, op. 74, «Patetik» adlanan 6 saylı Simfoniyası səsləndirilib. Bu əsər bəstəkarın ən dərin və emosional baxımdan zəngin yaradıcılıq nümunələrindən biridir.

Dirijor pultu arxasında Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru Əyyub Quliyev dayanıb.

Konsert böyük uğurla keçib və tamaşaçılar tərəfindən son dərəcə hərarətlə qarşılanıb. Çıxışın sonunda zal musiqiçiləri uzun sürən alqışlarla qarşılayıb. Tamaşaçılar bütün orkestri, solisti və dirijoru ayaqüstə alqışlayaraq onları uzun müddət səhnədən buraxmayıblar.

Bu uzun sürən və səmimi alqışlar konsertin dinləyicilərə göstərdiyi güclü emosional təsirin və həmin axşam səhnəyə çıxan bütün ifaçıların yüksək sənətkarlığının parlaq göstəricisi olub.

Konsertdə Türkiyənin tanınmış mədəniyyət xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.