Əllərin heç bir aşkar səbəb olmadan mütəmadi keyiməsi sinir sisteminin fəaliyyətində pozğunluqlara, onurğa problemlərinə və hətta xroniki xəstəliklərə işarə edə bilər. Xüsusilə bu narahatlıq sakit vəziyyətdə yaranırsa, yuxuya mane olursa və ya əzələ zəifliyi ilə müşayiət edilirsə, onu diqqətdən kənarda qoymaq təhlükəlidir.

Belə simptomların geniş yayılmış səbəblərindən biri karpal tunel sindromudur. Bu vəziyyət bilək nahiyəsində median sinirin sıxılması nəticəsində yaranır. Karpal tunel sindromu gecələr əllərin keyiməsi, baş barmaq, şəhadət və orta barmaqlarda qarışqa gəzməsi hissi, həmçinin əl gücünün azalması ilə xarakterizə olunur.

Narahatlığın səbəbi boyun nahiyəsindəki onurğa problemləri də ola bilər. Sinir kökləri sıxıldıqda əllərdə keyimə bəzən çiyin və boyun ağrıları ilə müşayiət olunur. Uzun müddət oturmaq isə bu narahatlığı daha da gücləndirə bilər.

Digər mümkün səbəblərdən biri sinir sisteminin normal fəaliyyəti üçün vacib olan B12 vitamininin çatışmazlığıdır. Bu vitaminin azlığı həmçinin yorğunluq, əzələ zəifliyi və diqqətin cəmlənməsində çətinliklərlə müşayiət oluna bilər.

Ətrafların keyiməsi şəkərli diabet, qalxanabənzər vəzinin xəstəlikləri və Reyno sindromu olan insanlarda da müşahidə edilir. Reyno sindromu zamanı barmaqlar soyuya, ağara və ya göyümtül rəng ala bilər.

Barmaqlarda hissiyyatın azalmasına və gündəlik işləri yerinə yetirməkdə çətinlik yaranmasına xüsusi diqqət yetirmək lazımdır. Məsələn, insan əşyaları tez-tez əlindən salmağa başlayırsa, düymələri bağlamaqda və ya fincanı tutmaqda çətinlik çəkirsə, müayinəni təxirə salmamalıdır.

Ən təhlükəli vəziyyət bədənin bir tərəfində qəfil keyimənin yaranmasıdır. Bu, xüsusilə üzün asimmetriyası, nitq pozğunluğu, zəiflik və ya hərəkət koordinasiyasının pozulması ilə müşayiət olunursa, insult əlaməti ola bilər. Belə hallarda, hətta simptomlar qısa müddət sonra yox olsa belə, dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

Əllər vaxtaşırı keyiyirsə, vitaminlər və ya ağrıkəsicilərlə simptomları özbaşına aradan qaldırmağa çalışmaq əvəzinə, problemin səbəbini müəyyənləşdirmək vacibdir. Müşayiət edən əlamətlərdən asılı olaraq həkim qan analizləri, nevroloji müayinə və ya sinirlərin elektrik keçiriciliyinin yoxlanılmasını təyin edə bilər.

Sunay Aydın