Bu ilin yanvar-may aylarında 239 min ton meyvə-tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, ixrac edilən meyvə-tərəvəzin dəyəri 241,9 milyon dollar olub. 2022-ci ilin müvafiq dövründə dəyəri 219,2 milyon dollar olmaqla 192,2 min ton meyvə-tərəvəz ixrac edilib.
Həmçinin beş ayda 23,4 milyon dollarlıq 52,8 min ton kartof ixrac olunub. Ötən ilin beş ayında 33,3 min ton kartof ixrac edilib. İxrac edilən kartofun dəyəri 14,8 milyon dollar təşkil edib.
Hesabat dövründə 78 min ton tomat ixracı həyata keçirilib. İxrac edilən tomatın dəyəri 91,4 milyon dollar olub. Ötən ilin yanvar-may aylarında məbləği 91 milyon dollar olan 75,7 min ton tomat ixrac edilib.
Yanvar-may aylarında meşə fındığının ixracında artım olub. Belə ki, 11 min tondan çox meşə fındığı ixrac edilib. İxracın dəyəri 54,6 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə 53,7 milyon dollarlıq 9576 ton ixrac baş tutub.
2023-cü ilin beş ayında 32,2 min ton alma ixracı həyata keçirilib. İxrac edilən almanın dəyəri 20,9 milyon dollar təşkil edib. Keçən ilin eyni dövründə dəyəri 12 milyon dollar olan 18,1 min ton alma ixrac edilib.
Xurma ixracında azalma baş verib. Belə ki, bu ilin birinci rübündə dəyəri 14,7 milyon dollar olan 20,2 min ton xurma ixrac edilib. Ötən ilin beş ayında isə 29,6 milyon dollarlıq 39 min ton ixrac həyata keçirilib.
Hesabat dövründə 6208 ton nar ixrac edilib. İxrac edilən narın dəyəri 8 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 2,4 milyon dollar olan 1541 ton nar ixrac edilib.