Biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq- Ali Məhkəmənin sədri

Yeni kommersiya məhkəmələrinin fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım oldu. Bu, eləcə də sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsidir.

Bu fikirləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə söyləyib.

İnam Kərimov qeyd edib ki, Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alır. Son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib, nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib.

“İslahatlar bununla yekunlaşmır. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək. Prezidentin dediyi kimi, məhkəmə islahatlarının başlanğıcı var, sonu yoxdur. Baxmayaraq ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur. Buna görə də sizlərlə dialoq aparırıq. Dialoq isə daimi olmalıdır. Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq. O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır, məsələn, məhkəmə orqanlarının səmərəliliyin gücləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və mübahisələrin alternativ həlli institutlarının yaradılması, bu istiqamətdə də dövlət öz üzərinə düşənləri edir və bundan sonra da edəcək”, – deyə Ali Məhkəmənin sədri bildirib.

Əvvəlki məqalə

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin görüşünə qatılacaq