Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” tamaşasına ictimai baxış keçirilib.
Bu barədə Teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev məlumat verib.
Süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan bu səhnə əsərində Oğuzun təəssübkeşi kimi daim çıxış edən Dədə Qorqud casusun kim olduğunu bildirsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir. Bunun üçün o, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir…
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.
Rolları Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), artistlərdən Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axindov (Aruz qoca), Səyyad Əliyev (Beyrək) və başqaları ifa ediblər.
Tamaşadan sonra keçirilən müzakirədə Mədəniyyət Nazirliyinin nümayəndələri Könül Cəfərova və Günay Gümbətova çıxış edərək maraqlı və məzmunlu tamaşanın hazırlanmasından məmnun qaldıqlarını bildirərək yaradıcı kollektivə uğurlar diləyiblər.
Qeyd edək ki, yaxın günlərdə “Casus tamaşasının premyerası keçiriləcək.