Fransa Parlamentinin üzvləri Gəncəyə səfər ediblər

Ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti noyabrın 13-də Gəncəyə səfər edib.

Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Fransa nümayəndə heyətini Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  rəhbəri Soltan Məmmədov, Milli Məclisin və digər rəsmi şəxslər müşayiət ediblər.

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Milli Məclis prezidentə və xalqa müraciət etdi –