Gələn il pensiya ödənişlərinə yönələn vəsait 650 milyon manat artırılacaq- RƏSMİ

Son dörd ildə ölkəmizdə minimum pensiya 2.2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3.5 dəfə artıb. Bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub, sosial təminat sisteminin əhatə dairəsi daha da genişlənib.

Bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

H.Məmişov qeyd edib ki, pensiya islahatlarının davamı olaraq bu il “Əmək pensiyaları haqqında Qanunda” 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib: “2023-cü ildən isə pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək. 2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi. Həmin maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 milyon manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur”.

Əvvəlki məqalə

DYP-dən bayram günləri ilə bağlı

Sonrakı məqalə

Komandos kursunun növbəti buraxılışı olub –