Dünəndən qalan bəzi yeməklər düzgün saxlanmadıqda və ya yenidən qızdırılmadıqda zəhərlənməyə, hətta fiziki xəsarətə səbəb ola bilər. Üstəlik, qızdırma prosesi hər zaman təhlükəni aradan qaldırmır.

Düyü, folqa ilə bişirilmiş kartof, göbələk, qabıqlı qaynadılmış yumurta və iri toyuq parçaları mikrodalğalı sobada yenidən qızdırılarkən xüsusi ehtiyat tələb edir. Düzgün saxlanılmayan düyüdə bakteriya toksinləri toplana bilər. Folqa ilə bişirilmiş kartofda müəyyən şəraitdə təhlükəli bakteriyalar yarana bilər. Qabıqlı qaynadılmış yumurta isə qızdırıldıqda partlaya bilər.

TSN yazır ki, düyü yaxşı qızdırılsa belə, təhlükə yarada bilər. Çünki qidada artıq yaranmış toksinlər təkrar qızdırılma zamanı hər zaman məhv olmur.

1. Düyü

Bacillus cereus bakteriyasının sporları düyüyə hətta bişirilməzdən əvvəl düşə və bişirmə prosesindən sağ çıxa bilər. Hazır düyü uzun müddət otaq temperaturunda saxlanıldıqda bakteriyalar çoxalmağa və toksinlər ifraz etməyə başlayır. Bunun qarşısını almaq üçün bişmiş düyünü mümkün qədər tez, ideal olaraq bir saat ərzində soyudub soyuducuya qoymaq lazımdır. Düyü yalnız bir dəfə, tam qızdırılana qədər yenidən qızdırılmalıdır.

Düyü yaxşı qızdırılsa belə, əvvəlcədən yaranmış toksinlər hər zaman məhv olmur.

2. Folqa ilə bişirilmiş kartof

Folqa ilə bişirilmiş kartofu uzun müddət bükülü və isti vəziyyətdə saxlamaq olmaz. Folqanın altında rütubətli və oksigenin az olduğu mühit yaranır. Bu şərait Clostridium botulinum bakteriyasının inkişafı üçün əlverişli ola bilər. Bakteriya təhlükəli botulotoksin ifraz edir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) kartof bişdikdən sonra folqanın çıxarılmasını tövsiyə edir. Dərhal yeyilməyən kartofun isə folqasız şəkildə soyuducuda saxlanılması məsləhət görülür.

3. Göbələk

Düzgün saxlanılmış göbələk təkrar qızdırıldıqda zəhərə çevrilmir. Lakin göbələk tez xarab olan qida olduğundan, bişmiş yeməyi uzun müddət süfrədə saxlamaq olmaz.

Tez soyudularaq soyuducuya qoyulmuş göbələk yeməyini bir dəfə, tam qızdırılana qədər yenidən qızdırmaq mümkündür.

Əgər yemək bir neçə saat isti mühitdə qalıbsa, onu atmaq daha təhlükəsizdir. Qidada toksinlər yaranıbsa, mikrodalğalı sobada qızdırmaq onların məhv olacağına zəmanət vermir.

4. Qaynadılmış yumurta

Qabıqlı qaynadılmış yumurtanı mikrodalğalı sobaya bütöv şəkildə qoymaq olmaz.

Qızdırılma zamanı yumurtanın daxilində buxar yaranır, təzyiq artır və yumurta gözlənilmədən partlaya bilər. Bu, həm sobanın içində, həm də yumurta götürülərkən baş verə bilər. Nəticədə əllərdə və üzdə yanıq xəsarətləri yarana bilər.

5. İri toyuq parçaları

İri toyuq parçaları mikrodalğalı sobada qeyri-bərabər qızdırıla bilər. Ətin xarici hissəsi isti olsa da, içəridə soyuq sahələr qala bilər. Bu hissələrdə qida zəhərlənməsinə səbəb olan bakteriyalar sağ qala bilər. Toyuq ətini kiçik parçalara bölmək, boşqabda bərabər yaymaq və üstünü örtmək məsləhətdir. Qızdırma zamanı yeməyi qarışdırmaq və ya parçaları çevirmək lazımdır.

Yeməyin bütün hissələrində temperatur ən azı 74°C-yə çatmalıdır. Toyuğun içərisinin tam qızdığına əmin olmaq mümkün deyilsə, onu tavada və ya sobada yenidən qızdırmaq daha etibarlıdır.

Sunay