Kino üçün düzgün aktyorları necə seçməli?

Əlinizdə mükafatlara layiq görülmüş ssenari də ola bilər, dünyanın bütün resursları da. Ancaq istedadlı aktyorlarla işləməsəniz, bunların heç biri köməyinizə gəlməyəcək.

Prodakşnöncəsi gerçəkləşməli olan kastinq film yaradıcılığının ən mühüm komponentlərindən biridir. Peşəkar və iri büdcəli filmlər üçün bu işi kastinq direktorları görür. Müstəqil filmlərdə isə hər şey vəziyyətə görə dəyişir.

Kastinq

Müstəqil filmlərin rejissorları eyni zamanda çox işlə məşğul olduqlarından bəzən kastinq məsələsinə çox vaxt ayıra bilmirlər. Ancaq filmin rejissoru və ya prodüseri kimi film üçün seçilən aktyorların məharətinə tam güvənməlisiniz. Əks halda, yanlış qərarlarınız prodakşn dövründə və ondan sonra sizə əziyyət verməyə davam edəcək.

Film kastinqi nədir və o, niyə bu qədər vacibdir? Film kastinqi bu və ya digər rola uyğun aktyorların seçilərək işə götürülməsidir. Kastinqə cavabdeh adamların işi potensial aktyorları tapmaq, onların dinləməsini təşkil etmək və seçim etməkdir. Bu şəxslər filmin ssenarisi, xüsusən də istər baş, istərsə də köməkçi qəhrəmanları ilə, o cümlədən rejissorun ideyası ilə çox yaxşı tanış olmalıdırlar.

Aktyor işi

Film yaradıcılığı bir növ sinerjidir: filmin əsas hissələrinin hər biri – ssenari, operator işi, səs, prodakşn dizaynı, montaj və s. birlikdə uğurlu filmi ortaya çıxarır. Bunlardan biri olmasa, film uğursuz olacaq.

Aktyor işi və performansı da filmin ən vacib komponentlərindən biridir. Aktyorlar öz performansları və rola uyğunluq dərəcələri ilə filmi daha güclü, yaxud daha zəif edə bilərlər.

Auditoriyanın filmə maraq göstərib-göstərməməsi aktyorun öz qəhrəmanını necə oynamasından asılıdır. Hər bir rejissor və prodüserin də əsas məqsədi auditoriyanın diqqətini qoruyub saxlayan film ortaya qoymaqdır. Ssenari müəllifi artıq öz işini görüb. İndi növbə prodüser, rejissor və kastinq direktoru və aktyorlarındır.

Personajın xəritəsi

Film üçün düzgün aktyorları seçmək asan iş deyil. Bu iş çoxlu vaxt, götür-qoy və tənqidi təhlil tələb edir.

Film kastinqi ssenarinin yaxşıca öyrənilməsi ilə başlamalıdır. Ssenari bir neçə dəfə oxunduqdan sonra personajlar və onların təsviri təhlil edilməlidir. Bunun üçün personajın xüsusi xəritəsi hazırlanmalıdır. Bu xəritədə onun xarakteri, yaşı, ehtiyacları, qorxuları və s. əks olunmalıdır.

Bu siyahı sizə dinləmə zamanı aktyorda hansı keyfiyyətləri axtardığınızı xatırladacaq.

Bəs aktyorları necə tapmalı? Əgər siz kino və ya rejissorluq fakültəsinin tələbəsinizsə, siz artıq iş axtaran və təcrübə toplamaq istəyən istedadlı aktyorlarla əhatə olunmusunuz. Fakültənizin onlayn kastinq və çəkiliş heyəti resursları da köməyinizə gələ bilər. Fakültənin bülletenlərində kastinq elanları vermək üçün professorlarınızla danışın.

Kino məktəbində oxumursunuzsa, büdcənizdən və filminizin həcmindən asılı olaraq müxtəlif kastinq sayt və forumlarında açıq elanları yerləşdirə bilərsiniz. Bundan başqa, bu işlə məşğul olan xüsusi agentliklərə də müraciət etmək olar.

Dinləmələr

Bundan sonra dinləmələrə hazırlaşmaq lazımdır. Əgər rejissorsunuzsa, prodüserlərinizlə görüşüb hər rolda nə axtardığınızı detallı izah etməlisiniz.

Audisiyadan (dinləmədən) öncə ssenarinin içindən aktyorun dilindən eşitmək və ya görmək istədiyiniz dialoqu, yaxud hissəni özünüz üçün qeyd. Bununla rejissor və prodüserlər aktyorun bu və ya digər rolu necə canlandıracağını daha yaxşı anlayacaqlar.

Üzbəüz, canlı dinləmələr hər zaman daha arzuolunandır. Bu zaman siz aktyorla daha effektiv ünsiyyət qura bilərsiniz. Ondan müəyyən hissələri təkrarlamağı xahiş edə, təkliflər və suallar verə bilərsiniz.

Hərçənd bəzən, xüsusən aktyor dinləmədə şəxsən iştirak edə bilməyəndə videoyazıdan da istifadə olunur. Bu üsul vaxta və pula qənaət etməyə kömək etsə də, ən yaxşı dinləmələr canlı dinləmələrdir.

Məkan

Dinləmə məkanının seçilməsinə ciddi yanaşın. Dinləmələrə qatılan peşəkar aktyorlar dinləmə məkanına xüsusi fikir verirlər və buna görə filmin peşəkarlıq səviyyəsi haqda nəticə çıxarırlar. Bu səbəbdən peşəkar filmlər üçün kastinq dinləmələri kiminsə evində deyil, boş teatr salonlarında və ya iş məkanlarında keçirilir.

Dinləməni tək keçirməməlisiniz. Mütləq köməkçiləriniz olmalıdır. Səhnələri oxumaq, ssenari ilə məşğul olmaq və kameranı işlətmək üçün ən azı iki köməkçiniz sizinlə gəlməlidir. Bu sizə texniki məsələlərlə az məşğul olmağa və aktyorların performansına fokuslanmağa kömək edəcək.

Dinləmə zamanı, xüsusən dinləmələrdə çox sayda aktyor iştirak edirsə, kameranın olması vacibdir. Hər bir aktyorun performansını çəkib qeydə almaq seçimlər üçün vacibdir. Çünki siz hər performansa yenidən baxıb detalları təhlil etmək istəyəcəksiniz.

Əvvəlki məqalə

İranda qadınlara stadionda futbola baxmaq üçün icazə verilib –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu