Lənkəranda “Dairəvi qala” əsaslı təmir olunacaq –QƏRAR

Xalqımızın zəngin mədəni irsini təsdiqləyən elementlərdən biri tarix və mədəniyyət abidələrdir. 

Lənkəran şəhərinin general Fikrət Məmmədov küçəsində yerləşən, Mədəniyyət Nazirliyinin balansında olan, yerli əhəmiyyətli tarixi abidə-“Dairəvi qala” (Zindan) Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747-1786-cı illərdə inşa edilib. Qalanın peyki, oxşarı olan ikinci tikili “Mayak”dır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilib. Dairəvi Qala 1869-cu ilə kimi bölgədə baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb, Qaladan həbsxana kimi istifadə edilib. Yerli sakinlərin sözlərinə görə, dustaqlar buraya “Zindan” ilə “Mayak” arasında olan gizli yeraltı yol ilə gətirilirdi.

“Dairəvi qala” restavrasiya olunsa da, 2015 ci ilin fevral ayında güclü qar nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağıldığından tarixi abidə qəzalı vəziyyətə düşüb.

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Lənkəranda getdikcə sürətlənən sosial-iqtisadi inkişaf turizm infrastrukturunun da genişlənməsinə əlverişli imkanlar açıb. Mövcud təbii resurslarla yanaşı, rayonda tarixi abidələrin, mədəni irsi özündə yaşadan obyektlərin də turizmin inkişafında əvəzsiz rolunu nəzərə alıb onların bərpasına və qorunmasına daim diqqət yetirilir.

Bu sahədə görülən işləri rayon sakinləri yüksək dəyərləndirirlər. Ölkə başçısının təşəbbüsü ilə 100 ildən çox yaşı olan və heç vaxt təmir olunmayan, nadir memarlıq nümunəsi olan “Xan sarayı”nın əsaslı şəkildə, ən yüksək səviyyədə bərpası, şəhər Mədəniyyət Sarayının yenidən qurularaq ən müasir avadanlıqlarla təchiz edilib istifadəyə verilməsi, yeni Xalça Fabrikinin, “İstisu” Müalicə İstirahət Mərkəzinin, Olimpiya İdman Kompleksinin, digər turizm obyektlərinin tikilməsi əhali tərəfindən rəğbətlə qarşılanıb.

“Dairəvi qala” uzun illər təmir olunmadığından tikilinin dam örtüyü fiziki köhnəlməyə məruz qalaraq tamamilə dağılıb, nəticədə atmosfer yağıntıları binanın icərisinə daxil olmaqla binadaxili konstruksiyaya nüfüz edib.

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən “Dairəvi qala”nın əsaslı təmiri ilə bağlı Nazirlər Kabinetinə və əlaqədar qurumlara müraciət edildikdən sonra tarixi abidənin bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.

Hazırda abidənin əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Dövlət büdcəsindən vəsait ayrılandan sonra burada təmir-bərpa işlərinə başlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ” bosniyalı futbolçu ilə maraqlanmadığını açıqlayıb

Sonrakı məqalə

Mehriban Əliyeva 28 May Respublika Günü münasibəti ilə xalqı təbrik etdi: