Lənkəranın sabiq icra başçısı, yazıçı Yaşar Rzayevin yeni kitabı çap olunub –FOTO

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin sabiq üzvü Yaşar Rzayevin “Yaddaşa qayıdış” adlı yeni kitabı çap olunub.

Azpost.info bildirir ki, müəllif kitabında Lənkəran, onun keçmişi, indisi və gələcəyi haqqında fikirlərini yazıb. Kitabda Lənkəranın ziyalıları, tanınmış şəxləri haqqında oçerklər toplanıb.

Yaşar Rzayev 1941-ci il aprelin 7-də Lənkəran şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olan Y. Rzayev  gənc yaşlarından hekayələr, respublika televiziyasının verilişləri üçün ssenarılər yazıb. İlk hekayələri “Aprel çiçəkləri”, “Gənc qələmlər” almanaxlarında, “Azərbaycan” jurnalında çap olunub.

Universiteti bitirdikdən sonra Lənkəranda “Leninçi” (indiki “Lənkəran”) qəzetində işləyib. SSRİ zamanında Ali Partiya Məktəbini bitirib.  Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1989-91-ci illərdə Lənkəran rayon partiya komitəsinin birinci katibi olub. 1990-cı ilin yanvarında Qarabağ məsələsini həll edə bilməyən respublika rəhbərliyinə və Mərkəzi hakimiyyətə qarşı etirazını bəyan edib.

1990–95-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olan Y.Rzayev 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyanata, həmin il oktyabrın 18-də Dövlət Müstəqilliyinə imza atıb.

1995-ci ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2000–2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı postunda çalışıb.

Y.Rzayev doqquz kitabın müəllifidir. Povestləri və hekayələri “Azərbaycan”, “Ulduz”, “Söz” ədəbi-bədii jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, almanaxlarda və s. çap olunub. “Dünya mənim” romanı, “Yay əhvalatı”, “Əks-səda”, “Dəryada gəmim qaldı” povestləri, “Vəlinin kupletləri”, “Palatanın tavanı ağ-appaqdır”, “Sözsüz mahnı”, “Ana ömrü” və s. hekayələri maraqla qarşılanıb.

Y.Rzayev filologiya üzrə fəlsəfə doktorudur. “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu (1960–1980-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstındə (1930–1950-ci illər)” adlı doktorluq dissertasiyası yazıb. 45 elmi məqalənin, 200-ə dək müxtəlif məqalələrin, oçerk və reportajların, publisistik yazıların, resenziyaların, tərcümələrin müəllifidir, beynəlxalq elmi konfransların iştirakçısıdır.

Elmi məqalələri Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda, Özbəkistanda çap olunub.

 

Əvvəlki məqalə

Azərbaycanda daha 585 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Cəlilabadda yanan bazar söndürüldü