Leyla Əliyeva Cenevrədə sərginin açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib.

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

Sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.

BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində bildirib ki, iyun ayı ənənəvi olaraq BMT-nin okeanlar və su hövzələrinin qorunmasına həsr olunmuş konfrans və digər tədbirlərin keçirildiyi dövrdür. Həmin ərəfədə okeanlara və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən sərginin təşkili xüsusi əhəmiyyət daşıyır. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirlərə məruz qalır.

O, Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında qonaqları “Mənim dənizlərim, mənim okeanlarım” sərgisində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardan biridir: “IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik. Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik”.

Qeyd edilib ki, IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurub: “Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz, ilk növbədə, özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi, ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür”, – deyə Leyla Əliyeva bildirib.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sərginin təşkilində iştirak edən tərəfdaşlara, kuratorlara və əsərləri sərgilənən rəssamlara minnətdarlığını bildirib.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi uzun illərdən bəri IDEA-nın tərəfdaşı qismində təmsil etdiyi təşkilat adından bu sərgiyə qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, sərgi diqqəti dünyada hamını məşğul etməli olan problemə yönəldir. Su mavi planetimizdə ən vacib resurs və həyat mənbəyidir. Planetimiz su olmadan mövcud ola bilməyəcəyinə görə, suyun, su hövzələrinin və oradakı canlı aləmin qorunmasına yönəlmiş təşəbbüslər bütün mümkün imkanlar vasitəsilə dəstəklənməlidir. İqlim dəyişikliklərinin baş verdiyi müasir dövrdə qlobal çağırışlar sırasında yer alan su resurslarının mühafizəsi prioritet təşkil etməlidir.

Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov sərginin təşkilinə görə BMT-nin Cenevrə bölməsinə və IDEA İctimai Birliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu sərgi Azərbaycanın gənc incəsənət xadimlərinin dünyanı düşündürən qlobal çağırışa sənət vasitəsilə bədii ifadələrini əks etdirir.

Çıxışlardan sonra Cenevrədə fəaliyyət göstərən “İrs” uşaq rəqs ansamblı Azərbaycan xalq mahnılarından ibarət bədii proqramla çıxış edib. Sonra sərgiyə ictimai baxış olub.

Qeyd edək ki, Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iyunun 30-dək davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyi ekspozisiyadakı əsərlər vasitəsilə vurğulanır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyi xatırladılır.

Gələcək nəsillərə daha yaxşı planet əmanət etdiyimizə əmin olmaq üçün hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin tərəfdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində böyük əhəmiyyət kəsb edir.

Ətraf mühitin mühafizəsində və dayanıqlı inkişafın təmin edilməsində dünyanın üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, ekoloji maarifləndirmə imkanlarının təşviq edilməsi var.

Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları bu kimi problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır, bununla da qlobal məqsədlərə töhfə verilir.

Əvvəlki məqalə

Beynəlxalq konfransın nümayəndələri Şuşaya gəlib

Sonrakı məqalə

Rusiya Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib