Mayın 11-də Lənkəranda saat 17:21-də baş verən maqnitudası 5.3 bal olan zəlzələnin dərinliyi 20 kilometr olduğu üçün ətraf ərazilərdə, hətta Qarabağda 3 baladək hiss olundu. Ondan sonra xırda təkanlar oldu. Afterşoklar içərisində ən böyüyün maqnitudası 4.4 bal oldu və hiss edildi. Çox güclü, dağıdıcı deyildi. Asta-asta enerji boşalması getdi. Hazırda sakitlikdir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
“Orta gücdə olan zəlzələ idi. Episentrdə 6 bal olması nəticəsində çay daşları ilə keyfiyyətsiz tikilən bəzi evlərdə çatlar qeydə alındı”, – deyə Q.Yetirmişli deyib.
Qeyd edək ki, mayın 11-də Lənkəranda 5,3 bal gücündə zəlzələ olub. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.