Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin bir qrup aparıcı iqtisadçı ekspertləri ilə görüşüb.
Azpost.info bildirir ki, bu barədə REAL Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, görüş Mərkəzi Bankın sədrinin dəvəti ilə baş tutub. N.Cəfərli bildirib ki, əsas müzakirə edilən məsələ inflyasiya və qiymət artımı problemi olub.
“Formal olaraq Mərkəzi Bank inflyasiya ilə mübarizədə əsas orqanlardan biri olsa da, bu sahədə görə biləcəyi işlər məhduddur. Bizdə hələ oturuşmuş iqtisadi model, klassik bazar iqtisadiyyatı yoxdur ki, MB, məsələn, uçot dərəcəsini artırıb-azaltmaqla inflyasiyaya ciddi təsir edə bilsin”-deyə iqtisadçı vurğulayıb.
N.Cəfərli deyib ki, Mərkəzi Bankın sədrinə hökumətlə müzakirələrdə mütləq vergi-gömrük tarifləri məsələsini də qaldırmağı təklif edib: “Bu gün hökumətin məntiqsiz ƏDV və rüsum siyasəti qiymət artımına ən çox təsir edən amillərdən biridir. Düz 1 ildir hökumətə çağırış etmişik ki, dərman və ərzaqda ƏDV-ni 18%-dən 2%-ə salsınlar. Bu addım qiymətlərin enməsinə təsir edəcək. Taleh müəllim hökumətlə görüşlərdə müxtəlif məsələlərin müzakirə olunduğunu dedi”.
Ekspert bildirib ki, çox açıq, maraqlı və predmetli diskussiya olub. Bu son aylarda baş tutan 2-ci belə görüşdür.
Azpost.info