Avtomobilinizi qış aylarında uzun müddət qarajda saxlamağı planlaşdırırsınızsa, bir sıra vacib məqamlara diqqət yetirməlisiniz. Xüsusilə akkumulyatorun vəziyyəti, şüşəyuyan sistemindəki maye və qarajın rütubət səviyyəsi nəzərə alınmalıdır. Əks halda, avtomobil uzun müddət hərəkətsiz qaldıqdan sonra ciddi problemlərlə üzləşə bilər.
Azpost.info xəbər verir ki, avtomobil mütəxəssisi Andrey Bundin bu barədə “Veçernyaya Moskva” nəşrinə danışıb.
Onun sözlərinə görə, avtomobil uzun müddət istifadə olunmayacaqsa, akkumulyatoru çıxarmaq və ya onun naqil uclarını ayırmaq məsləhətdir. Bu, batareyanın kritik dərəcədə boşalmasının qarşısını almağa kömək edir. “Belə dərin boşalma zamanı akkumulyatorun xüsusiyyətləri geri dönməz şəkildə pisləşir”, – mütəxəssis xəbərdarlıq edib.
Avtomobil soyuq qarajda saxlanılacaqsa, Bundin şüşəyuyan sisteminə donmayan maye əlavə etməyi də tövsiyə edib. Çünki sistemdəki su donaraq çəni və şüşəyuyan mexanizmini zədələyə bilər. Salonun rütubəti yüksək olduqda isə mütəxəssis nəmi özünə çəkən silikagel paketlərindən istifadə etməyi məsləhət görüb.
Avtomobil hüququ üzrə ekspert Lev Voropayev isə maşının saxlanma şəraitinə diqqət çəkib. Onun sözlərinə görə, temperatur və rütubətin tez-tez dəyişməsi avtomobilə mənfi təsir göstərir və korroziya riskini artırır. Buna görə də qarajda temperatur və rütubətin mümkün qədər sabit saxlanılması, soyuğun və nəmin içəri daxil olmasının məhdudlaşdırılması tövsiyə olunur.
Sunay Aydın