Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Tramp yolu” layihəsinin regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması ilə bağlı əvvəlki üçtərəfli təşəbbüsün bir çox müddəalarını təkrarladığını bildirib. Moskva layihənin həyata keçirilməsi zamanı Rusiya və İranın maraqlarının nəzərə alınmasını vacib sayır.

Azpost.info xəbər verir ki, Zaxarova bu barədə noyabrın 26-da keçirdiyi brifinqdə danışıb.

O xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılmış üçtərəfli işçi qrupunda regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi müzakirə olunurdu. Zaxarovanın sözlərinə görə, həmin təşəbbüs yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistanın cənubundan keçməklə tranzitin təşkilini nəzərdə tutmurdu. Eyni zamanda, Ermənistanın dəmir yolu infrastrukturunun Türkiyə, İran və Rusiyaya çıxışla birlikdə tam şəkildə açılması da planlaşdırılırdı. “Təəssüf ki, İrəvan 2023-cü ildə üçtərəfli işçi qrupundakı iştirakını dondurdu. Daha sonra, 2025-ci ildə “Tramp yolu” layihəsi ortaya çıxdı. Lakin Ermənistan-Amerika təşəbbüsü ilə bağlı, açığını desək, hələlik cavablardan daha çox sual var.

Layihənin tikintisinin parametrləri və müddətləri, müvafiq infrastrukturdan istifadə, yükdaşımaların perspektivləri ilə bağlı heç bir konkret hədəf göstəricisi açıqlanmayıb. Bunların heç biri dəqiqləşdirilməyib. Bu, bizim tərəfimizdən irad deyil, sadəcə layihəyə necə yanaşdığımız barədə sualınıza cavabdır”, – Zaxarova bildirib.

Rusiya XİN nümayəndəsi əlavə edib ki, “Tramp yolu” artıq tənqidlərə məruz qalır. Xüsusilə İran tərəfdaşları ABŞ-ın hərbi komponentinin İranın şimal sərhədi yaxınlığında istənilən fiziki mövcudluğunu Tehranın qəbul edə bilməyəcəyi məsələ kimi qiymətləndirirlər. M. Zaxarovanın sözlərinə görə, layihə həyata keçirilərkən Rusiyanın, eləcə də bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bildirən İranın maraqları nəzərə alınmalıdır. “Bu layihə regionda yeni ayırıcı xətlər yaratmamalıdır. Əks halda, bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkum olacaq”, – Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

N.Talıblı