Rusiya imperiyasının təbəələri olmuş azərbaycanlı neft milyarderlərinin xarici banklarda olan pul hesabları barədə məlumatlar müzakirə mövzusu olur.
Azpost.info bildirir ki, ən geniş yayılmış məlumatda deyilir ki, 1917-ci ildə Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra bu pulların taleyi qaranlıq qalıb.
Qeyd edilir ki, 1920-ci ildə Azərbaycanda sovet respublikası qurulduqdan sonra Bakıda neft milyonçuları kimi məşhur olan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digərlərinin külli miqdarda pulu əcnəbi banklarda qalıb.
Bunların içində ən məşhur əhvalat Azərbaycanın məşhur neft milyonçusu Musa Nağıyevlə bağlıdır.
İddia edilir ki, onun İsveçrə bankında 413 milyon qızıl pulu qalıb. Bank həmin pulları milyonçunun yalnız varislərinə verə biləcəyini bildirib. Varislər ortaya çıxsa da, bank kod tələb etdiyindən Nağıyevin milyonları bankda qalmaqda davam edir. Milyonçunun nəvəsi Dilarə Nağıyeva ara-sıra mediaya verdiyi müsahibəslərində deyir ki, atası Fərəc Nağıyevin sözlərinə görə, Musa Nağıyev pullarını xarici banklara yatırıb.
“Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib. Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. Çeki ona yedizdirib, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik”.

Bəs varislər İsceçrə bankına müraciət edib bu pulu ala bilərmi?
Azpost.info-nun araşdırması göstərir ki, bununla bağlı şans yoxdur.
İsveçrədə 1995-ci ildən bəri qeyri-aktiv aktivlərlə işləmə qaydaları mövcuddur. Bu qaydalar ümumiyyətlə bu cür aktivlərin işlənməsini tənzimləyir və İsveçrə nəzarət orqanı olan FINMA tərəfindən təsdiqlənir. Bu qaydalara riayət etmək bank qanunvericiliyinə əsasən adi audit prosedurlarına tabedir. Qaydalar İsveçrə Bankçılıq Qanununun yenidən işlənməsi ilə gücləndirilib.
1 yanvar 2015-ci il tarixindən İsveçrədə bank qanunvericiliyinə ciddi dəyişikliklər qüvvəyə minib. Bu qanuna görə, istifadəsiz hesabın tələb edilməsi üçün maksimum müddət 60 ildir.
İsveçrə bankları artıq Rusiya İmperiyasından tələb olunmamış şəxsi hesabları saxlamır. Araşdırmamız göstərdi ki, İsveçrə qanunvericiliyi bolşevik inqilabından əvvəlki əmanətlərin axtarışını tamamilə dayandırıb və tələb olunmamış bütün köhnə aktivlər ləğv edilib və ya dövlətə verilib.
Beləliklə inqilabdan əvvəlki hər hansı şəxsi əmanətlərin axtarışı qanuni olaraq qeyri-mümkün hala gəlib.
2015-ci ilin yanvar ayından qüvvəyə minmiş bu qanuna görə, banklar müştəri ilə son əlaqəsi 60 il və ya daha çox əvvəl baş vermiş aktivlər haqqında məlumatları elektron platformalarında dərc etməlidirlər.
Hər bir müştəri üçün 500 İsveçrə frankından çox dəyərində olan bütün təsirə məruz qalan aktivlər, eləcə də seyflər barədə məlumatlar mərkəzləşdirilmiş məlumat bazasına daxil edilib. Yalnız bank ombudsmanı qanuni iddiaçılar adından axtarış aparmaq üçün bu məlumat bazasından istifadə edə bilər.
Müştəri ilə son əlaqədən altmış il sonra, qanuni sahib artıq tapıla bilməzsə, bu aktivlər https://www.dormantaccounts.ch saytında onlayn dərc olunur. Qanuni iddiaçı göstərilən müddət ərzində dərclə bağlı bankla əlaqə saxlamazsa, banklar aktivləri İsveçrə hökumətinə (xüsusən də Federal Maliyyə Orqanına) köçürməlidirlər.

Azpost.info həmin saytda Musa Nağıyevlə bağlı axtarış aparsa da onun adının məlumat bazasında olmadığını öyrənib.
Qeyd edək ki, istifadəsiz aktivlər müştəri ilə son əlaqədən sonrakı 60 il ərzində əvvəlcədən xəbərdarlıq edilmədən federal hökumətə köçürülə bilər. Aktivlər federal hökumətə köçürüldükdən sonra həmin aktivlərlə bağlı bütün iddialar etibarsız olur.
Belliklə qanuna görə, 60 ildir tələb olunmayan aktivlər rəsmi olaraq Konfederasiyanın mülkiyyətinə keçir. Bu proses başa çatdıqdan sonra varislərin və ya keçmiş sahiblərin hüquqları əbədi olaraq ləğv edilir.
Keçmiş Rusiya İmperiyası ilə Avropa ölkələri arasında bütün rəsmi borclar, kreditlər və dövlət maliyyə iddiaları keçmiş SSRİ və Rusiya Federasiyasının 20-ci əsrin sonlarında imzaladığı müqavilələrlə həll edilib.

Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi Musa Nağıyev 1848-ci ildə anadan olub.
Bakı milyonçusu Ağa Musa Nağıyev Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbər insan kimi tanınırdı. Yük daşımaqdan (hambalçılıqdan) böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlıq istedadının hesabına milyonçu olmuşdu.

Onun tikdirdiyi 98 bina Bakının memarlıq möhürünə çevrilib.
Oğlu İsmayılın xatirəsinə həsr olunmuş bina bu tikililər içərisində şah əsər sayılır. İndiki İstiqlaliyyət küçəsində yerləşən qotik üslubdakı “İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təəssüratı yaradır.
1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızıl pulla yetmiş milyon manatı varmış. Mirasın ümumi dəyəri isə bundan qat-qat çox idi.
Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edib.
Samir Abdulla