“Müsyö Jordan Fransa kəşfiyyatçısı olub” –

Həmid Herisçi Axundovun qəhrəmanını tapdı  (FOTO)
21 İyun 2020 - 16:06

Yazıçı-jurnalist Həmid Herisçi dramaturq Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının əsas qəhrəmanının prototipini tapdığını yazıb.

Azpost.info bildirir ki, bu barədə yazan H.Herisçi maraqlı qənaətini bölüşüb: “Axundovun dediyi Misyo Jordanın reallıqda kim olduğunu dünən deşifrələdim. O fransız botaniki Anri Muadır (Henri Mouhot). Həmin vaxt, 1850-60-cı illərdə Fransa kəşfiyyatı bir sürü botaniki, kəpənəksevəri səfərbər edib dünyanın dörd tərəfinə ezam edir. Məqsəd?- Dünyanı öyrənmək, Fransanı maraqlandıran coğrafi nöqtələri aşkarlamaq”.

H.Hersiçi qeyd edib ki, Anri Mua belə botaniklərin, kəpənəksevərlərin ən uğurlusu olub: “Bəlkə də Qarabağda da olmuş, ordakı siyasi trendləri, maraqları, kəpənəkləri, erməniləri, azərbaycan tatarlarını, arxeoloji abidələri bittə-bittə öyrənmişdi. Bizim yerli xanlara basıb bağlayırdı ki, bəs guya kəpənəkləri tədqiq edir”.

Yazıçının sözlərinə görə, Qarabağdakı fəaliyyəti Axundov tərəfindən qələmə alınan bu dırnaqarası “botanik”, 1860-cı ildə Hind-Çinə, Kompuççiyaya səfər edib: “Yerli aboreqenləri kəpənək əfsanəsi ilə aldadıb cəngəlliklərdə qədim Ankor Vat şəhərini aşkarlayır. Üç həftə bu ünvanda ləngiyir, xarabalıqları öyrənir, nəticələrini ölümündən sonra nəşr edilən əsərinə daxil edir.

Beləliklə, həqiqi müsyö Jordanlar həqiqətən mövcud olub. Ancaq ismin tək halında deyil, cəm şəklində”.

H.Hersiçinin fikrincə, o vaxt Fransa kəşfiyyatı eyni ssenari, eyni bəhanə ilə çox yerə öz botaniklərini ezam etmişdi. Bu trafaret əməliyyat idi. Eyni mərkəzdən idarə edilirdi: “Beləliklə, ədəbiyyatımızın bir sirri də azaldı. Misyo Jordan 170 ildən sonra nəhatyət ki, ifşa edildi…Anri Muadan sonra Fransa kəşfiyyatı Ankor Vatda “Fransız İnstitutu” adlı qondarma bir elmi təşkilat qurur. Öz fəaliyyətini orda bu cür davam etdirir. Kəpənəksevərləri alimlər, arxeoloqlar əvəzləyir”.