Poliqrafçı alim Şəddat Cəfərovun miniatür kitabının təqdimat mərasimi keçirilib

Sentyabrın 16-da Miniatür Kitab Muzeyində Azərbaycanın poliqrafçı alimi, naşir, yazıçı Şəddat Cəfərovun “Kitab gözəlliyinin elmi mahiyyəti” miniatür kitabının, həmçinin poliqrafçı alim haqqında nəşr edilmiş əlavə 4 miniatür kitabın təqdimat mərasimi keçirilib. Həmin kitablara İsaq Əmənullayevin “Mənalı poliqrafçı ömrü”, Sevda Əlibəylinin “İlk poliqrafçı alim”, Fatma Həsənqızının “Acılı-şirinli günlər” və Elşad Səfərlinin “Qiymət” poeması daxildir.

Əvvəlcə erməni təxribatı nəticəsində dünyalarını dəyişmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən poliqrafçı alim Şəddat Cəfərov tədbir haqqında ümumi məlumat verərək bildirib: “Kitab mədəniyyəti bizim xalqımızın tarixidir. Burada bu gün təqdim olunan kitablar arasında artıq haqq dünyasına qovuşmuş Fatma Həsənqızının “Acılı-şirinli günlər” adlı kitabının miniatür variantı yer alır. O, mənim haqqımda kitabında dəqiq məlumat verib. Ondan sonra Sevda Əlibəylinin “İlk poliqrafçı alim” kitabını qeyd etmək istərdim. Bu kitab da özünəməxsusluğu ilə seçilir. Daha sonra İsaq Əmənullayevin buradakı kitablar arasında olan “Mənalı poliqrafçı ömrü” kitabı da mənim həyatıma həsr olunub. Elşad Səfərli “Qiymət” poemasını qələmə alıb. Bu kitab da özünəməxsusluğu ilə zəngindir. Bu təqdimatda mənim də yazdığım “Kitab gözəlliyinin elmi mahiyyəti” adlı kitab da yer alır”.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, çıxışında belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Təqdimatı keçirilən miniatür kitabdan və müəllifdən danışan S.Rüstəmxanlı bu təqdimatın İçərişəhərin çox dəyərli və gözəl yerində keçirildiyini vurğulayıb: “Burada – Miniatür Kitab Muzeyində dünyanın müxtəlif yerlərindən olan müəlliflərin miniatür kitabları və hətta dini kitablar qorunub saxlanılır və sərgilənir. Bu gözəl addımdır. Eyni zamanda, Şəddat Cəfərovun da miniatür kitabı və onun haqqında yazılan digər miniatür kitablar bu gün burda təqdim olunur. Düşünürəm ki, hər yazarın taleyinə miniatür kitabların sırasına düşmək qismət olmur. Ş.Cəfərov özünü ölkə ictimaiyyətinə və ölkəmizin hüdudlarından kənarda istedadlı poliqrafçı alim, ictimai xadim, səmimi və qayğıkeş dost, gözəl ziyalı kimi tanıdıb. Onun başlıca xüsusiyyəti yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi bədii yaradıcılıqla məşğul olmasıdır”.

Bu cür tədbirlərin əhəmiyyətindən bəhs edən “Söz” jurnalının baş redaktoru, publisist Sevda Əlibəyli Şəddat Cəfərovu 30 ildir tanıdığını qeyd edib: “Ş.Cəfərov işinin peşəkarı olmaqla yanaşı, həm də xeyirxah insandır. Peşəkarlıqla xeyirxahlıq birləşəndə daha çox faydalı olur. Şəddat Cəfərovun leksikonunda bəlkə də “başqası”, “yad”, “kənar adam” sözləri yoxdur. O, istər yaxın, istərsə də tanımadığı təsadüfi adam olsun fərqinə varmır, köməyə ehtiyacı olan üçün əlindən gələni əsirgəmir. Əminəm ki, onun peşəsi və adı haqqında bundan sonra da yazılacaq. Mən də bir yazar olaraq fəxr edirəm ki, belə bir poliqrafçı alimin adı anıldıqca mənim də onun haqqında qələmə aldığım, burada təqdim olunan “İlk poliqrafçı alim” kitabı yada düşəcək”.

Xalq qəzetinin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu təqdim olunan kitablar və tədbirin səbəbkarı haqqında öz fikrini bildirib: “Ş.Cəfərov peşəsinə bağlı, sənətinin əsl bilicisi, gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb edən insanlardandır. Şəddat Cəfərov harada işləyirsə-işləsin, onun haqqında ancaq müsbət fikirlər eşitmək olar. O, 15 yaşından mətbəə işində çalışır. Respublikada bu sahədə ilk və yeganə alimdir. Lakin bununla heç vaxt öyünmür, çox təvazökar insandır”.

Şuşa qəzetinin baş redaktoru Vasif Quliyev Şəddat Cəfərov haqqında danışıb: “Şəddat Cəfərov təkcə doğma Azərbaycanda deyil, keçmiş SSRİ-də poliqrafiyanın kamil mütəxəssisi kimi tanınıb. Uzaq və yaxın xaricdə mədəniyyəti, elitar davranışı, zəngin təcrübəsi, istər poliqrafiya, istər iqtisadiyyat, istərsə də texnika və texnologiya sahəsində dərin biliyi ilə Vətənimizin başını daim uca edib. Sonradan Bakıya qayıdan Şəddat Cəfərov müxtəlif vəzifələrdə çalışıb”.

Şəddat Cəfərovum iş yoldaşı, naşir Mehman Fərzəliyev Ş.Cəfərovun uzun illər “Azərbaycan Nəşriyyatı”nın baş direktor müavini və direktoru kimi məsul vəzifəni icra etməsindən və bu qurumdakı fəaliyyətindən danışıb: “Ş.Cəfərov yuxusuz gecələri, zəngin elmi mütaliəsi hesabına müstəqil olaraq rəngli kilşelər hazırlamağı öyrənməklə həmkarlarını və mətbəə rəhbərliyini heyrətə salıb, işə başladığı bir neçə ay ərzində altıncı dərəcəli usta adına layiq görülüb və istehsalatdan ayrılmayıb. Ali təhsil alaraq, Moskvada aspiranturaya qəbul olub və namizədlik dissertasiyasını müdafiə edərək yüksək zirvələrə nail olub. O həm gözəl insan, həm də gözəl yoldaşdır”.

Daha sonra qeyd olunub ki, dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 20 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir: “Muzey 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika “Kitab” Cəmiyyətinin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova 30 ildən artıq müddətdə formalaşmış kolleksiyanı bu gün də yeni nüsxələrlə zənginləşdirir.

Tədbirin sonunda iştirakçılar miniatür kitab təqdimatının keçirilməsinə şərait yaradan Miniatür Kitab Muzeyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildiriblər.(Azərtac)

Əvvəlki məqalə

Livanda yaşayan ermənilər Azərbaycan səfirliyinə hücum etməyə çalışıb –

Sonrakı məqalə

“Azərbaycan KTMT-ni ciddi qəbul etmir” –