“Qırğızıstanda məktəblərdə şagirdlərə ibtidai sinifdən başlayaraq rus dilində deyil, dövlət dilində dərs verilməlidir”.
Azpost.info xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Nurlanbek Şakiyev bildirib.
Onun sözlərinə görə, qırğız dilində tədrisin mərhələli tətbiqi ideyasından imtina etmək lazımdır, çünki bu, heç bir nəticə verməyib.
“İbtidai məktəblərdə, uşaq bağçalarında qırğız dili tədris olunmalıdır. Qırğız dilinin mövqeyini gücləndirmək istəyiriksə, ibtidai sinifdən başlamaq lazımdır”, – Şakiyev bildirib.
Qırğızıstanda dövlət dili ilə bağlı müzakirələr bir il əvvəl qırğız dilinin statusunun yüksəldilməsi ilə bağlı qanun qəbul edildikdən sonra artıb. Sənədə əsasən, ölkədə, o cümlədən özəl şirkətlərdə bütün sənədləşmə işləri dövlət dilində aparılmalıdır. Bu o deməkdir ki, siyasətçilər, məmurlar və digər dövlət sektorunda çalışanlar, eləcə də iş adamları qırğız dilində danışmalıdırlar.
Azpost.info