Qubad İbadoğlu ittiham etdi:“Bahalaşmaya  səbəb Gömrük Komitəsinin siyasətidir”

“Qiymətlərin bahalaşmasına səbəb Gömrük Komitəsinin siyasətidir”

Azpost.info bildirir ki, bu sözləri meydan.tv-yə müsahibəsində Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirib. Ekspert hazırkı qiymət artımında çox müxtəlif amillərin olduğunu düşünür:  “Bunlar arasında ən vacibi də Gömrük Komitəsinin apardığı yeni iqtisadi siyasət adı ilə həyata keçirdiyi gömrük dəyərinin formalaşmasında, təyin olunmasında müstəsna hüququndan sui-istifadə edərək qiymətlərin bahalaşmasına gətirən fəaliyyətidir”.

Onun fikrincə, gömrük orqanları gömrük dəyərini özləri müəyyənləşdirməli deyil: “Düzdür, mövcud qanunvericiliyə görə bunun formalaşmasının bir neçə üsulu mövcuddur və gömrük orqanları bunların hər birini nəzərdən keçirib hansı üsula uyğun gəlirsə, onunla gömrük dəyərini təyin etməlidirlər. Amma gömrük dəyərinin müəyyənləşməsində istifadə olunan üsul məhz gömrük orqanları tərəfindən şərti qiymətlərin tətbiq olunmasıdır. Bu şərti qiymətlərin siyahısı Gömrük Komitəsi tərəfindən həyata keçirilir, özləri hazırlayıb təsdiq edirlər. Halbuki, bu maraq konflikti yaradır, çünki gömrük dəyəri nə qədər yüksək olarsa, dövlət büdcəsinə rüsumlar bir o qədər çox daxil ola bilər”.

Qubad İbadoğlunun sözlərinə görə, gömrük dəyərinin şişirdilməsi prosesi hazırda azad sahibkarları narahat edən ən böyük problemlərdən biridir. Bununla belə o qeyd edib ki, bu yeganə problem deyil.

Azad sahibkarlar gömrük orqanlarının digər fəaliyyətlərindən də narazıdırlar. Özünün müstəsna hüququndan sui-istifadə edən gömrük orqanları şişirdilmiş gömrük dəyərinin təyin edilməsi ilə əlavə rüsumlar əldə edirlər və dövlət büdcəsi qarşısında öhdəliklərini daha yaxşı, plandan artıq həyata keçirirlər. Bu, əslində, gömrük orqanlarının fiskal funksiyasının həyata keçirilməsinə şərait yaradır. Ancaq onlar tənzimləmə funksiyasına malik olduqlarını unudurlar. Ona görə də gömrük dəyərinin müəyyənləşdirilməsi hüququ bu komitədə ola bilməz, mütləq digər orqanların iştirakı ilə, xüsusən İqtisadiyyat Nazirliyinin, Nazirlər Kabinetinin qərarı əsasında tənzimlənməlidir. Həm də şərti qiymətlərə tez-tez baxılmalı və şərti qiymətlər yenidən bazarın tələblərinə uyğun təzələnməlidir”.

Q.İbadoğlu hesab edir ki, gömrük orqanları indiki fəaliyyətləri ilə ilk növbədə büdcə qarşısında öhdəliklərini yerinə yetirmək və eyni zamanda özlərinin rəqib hesab etdiyi ayrı-ayrı sahibkarları bazardan çıxarmaq siyasətini həyata keçirirlər: “Məsələ bundan ibarətdir ki, şişirdilmiş gömrük dəyəri heç də bütün sahibkarlar üçün eyni səviyyədə tətbiq olunmur. Özününkülərə nisbətdə müxtəlif səviyyələrdə və maraqlar çərçivəsində həyata keçirilir”.

İqtisadçının fikrincə, komitənin bu istiqamətdə fəaliyyəti gömrük dəyərinin şişirdilməsi ilə bitmir: “Onlara yaxın olan şirkətlərin mallarını həmin şirkətlərin öz anbarlarına göndərirlər. Onlarla əlaqəsi olmayan azad sahibkarların mallarını isə gömrük anbarlarına boşaldırlar, bir neçə gün saxladıqdan sonra şirkətə qaytarılır. Bu zaman malların gömrük anbarlarına daşınması, boşaldılması, saxlanılması, yenidən yüklənilməsi xərcləri sahibkarın hesabına həyata keçirilir. Əlavə xərc qarşısında qalan sahibkar öz rəqibləri ilə mübarizədə bazardakı mövqeyini itirir”.

Onun fikrincə, qeyd olunanlar inhisarçılıq siyasətinin və sağlam rəqabətin olmaması üçün gömrük orqanlarının fəaliyyətinin tərkib hissəsidir və bu fəaliyyət nəticəsində istehlak bazarında idxal mallarının qiyməti kəskin bahalaşmaqdadır.

“Çünki komitə ilin sonuna daha çox plan yığmaq öhdəliyini götürüb. Bu, bir tərəfdən azad sahibkarların bazardan çıxarılmasına, başqa tərəfdən qiymətlərin kəskin bahalaşmasıyla nəticələnir. Mən birmənalı şəkildə deyərdim ki, istehlak bazarında idxal mallarının qiymətlərinin kəskin artmasının səbəbi gömrük orqanlarıdır. Məqsəd ondan ibarətdir ki, dövlət büdcəsi hesabına ödənən minimum əməkhaqqı və minimum pensiyalar məhz qiymətlərin bahalaşması nəticəsində əıhalidən geri alınıb büdcəyə yönəldilir. Əslində, burda yenə də itirən istehlakçı olur, qazananlar isə dövlət orqanlarında bu porosesi nəzarətə götürən ayrı-ayrı korporativ maraqları həyata keçirənlərdir”.

İqtisadçı təklif edir ki, şərti qiymətlərin müəyyənləşməsi yalnız komitənin qərarı ilə həyata keçməməlidir, bu, Nazirlər Kabinetinin qərarıyla tənzimlənməlidir: “Eyni zamanda, şərti qiymətlər bazarın tələblərinə uyğunlaşmalı və real qiymətlərlə uzlaşmalıdır. Digər tərəfdən, gömrük orqanlarında gömrük anbarlarına məhsulların göndərilməsi, saxlanılması xərclərinin sahibkarın üzərinə qoyulması praktikası dayandırılmalıdır. Karqolar vasitəsilə ölkəyə gətirilən malların gömrükdən keçirilməsi, gömrük dəyərinin düzgün müəyyənləşdirilməsi həyata keçirilməlidir. Bəlkə bundan sonra azad sahibkarlığın gömrüyə münasibətində dəyişiklik ola bilər. Bu, həm də istehlak bazarında qiymətlərin sabitləşməsinə imkan verər”.

Gömrük Komitəsinin Vergilər Nazirliyə birləşdirilməsi, yaxud Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsini əhəmiyyətli məsələ hesab etməyən Qubad İbadoğlu hesab edir ki, əgər eyni siyasət olacaqsa, eyni icraçılar, eyni şəxslər tərəfindən mövcud idarəçilik həyata keçiriləcəksə, ciddi dəyişikliklər ola bilməz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaxın 10 ildə banan yer üzündən yox olacaq

Sonrakı məqalə

Heydər Əliyev Fondu 1-ci sinifə gedən kasıb uşaqlarına pulsuz məktəb ləvazimatı verəcək