Azərbaycanın iqtisadi inkişaf strategiyalarında regionların rolu az qala hər çıxışda vurğulanır. Amma reallıqda bölgələrdə sahibkarlıqla məşğul olmaq, Bakıda eyni işi görməkdən qat-qat çətindir. Resurs bolluğuna baxmayaraq, regionlarda sahibkarlığın inkişafı bir sıra fundamental problemlərlə üz-üzədir.
Kapital yoxdursa, ideya kimə lazımdır?
Regionlarda ən çox eşidilən şikayətlərdən biri maliyyə resurslarına çıxışın məhdud olmasıdır. Banklar regionlarda kredit verməkdə çəkinir, risk yüksək qiymətləndirilir, girov tələbləri isə yerli imkanları üstələyir. Gənc təşəbbüskarın bir ideyası varsa belə, onu həyata keçirmək üçün lazım olan ilkin kapital, demək olar ki, əlçatmazdır. İdeya özündə qalsa da, potensial da orada ilişib qalır.
İnfrastruktur – sahibkarın ilk düşməni
Yol, su, rabitə və texnoloji infrastruktur olmadan sahibkarlıq inkişaf etmir. Bəzi bölgələrdə internetin zəifliyi, logistikanın çətinliyi və bazarlara çıxış imkanlarının məhdudluğu, istənilən iş planını kağız üzərində dondurur. Məsələn, kənd təsərrüfatı məhsulu yetişdirmək olar, amma onu ucuz başa bazara çıxarmaq hələ də müşkül məsələdir.
İnsan resursları və peşəkar çatışmazlığı
Regionlarda ixtisaslı kadr tapmaq çətindir. Gənclərin çoxu şəhərlərə axın edir, bölgədə qalanlar isə ya lazımi təhsilə malik deyil, ya da iş bazarının tələblərinə uyğunlaşdırılmayıb. Sahibkar üçün bu vəziyyət əmək bazarında seçim imkanlarını kəskin şəkildə azaldır və nəticədə işin keyfiyyətinə də təsir edir.
Nə etmək lazımdır?
Əvvəla, dövlətin bölgələrdə sahibkarlığı dəstəkləyən siyasəti yalnız proqram sənədlərində yox, real mexanizmlərlə müşayiət olunmalıdır. Yerli startaplar üçün xüsusi fondlar, güzəştli kredit mexanizmləri, vergi təşviqləri və peşə təhsili proqramları yaradılmalıdır.
Bundan əlavə, yerli icmaların, bələdiyyələrin və vətəndaş cəmiyyətinin sahibkarlığa dəstək verməsi vacibdir. Yalnız bu cür sinerji regionlarda dayanıqlı və gəlirli sahibkarlıq mühitini formalaşdıra bilər.
Süleyman İbrahimli