Şəhidləri yaddaşında daşıyan Şeyxülislam –20 Yanvarın Qələbə çiçəyinə çevrilən qərənfili 

1990-cı ilin 20 Yanvar Bakı qırğını Azərbaycan tarixinin ən ağır və qanlı səhifəsi olaraq xalqın yaddaşına yazılıb. Ermənilərin Dağlıq Qarabağda başladığı separatçı hərəkata etiraz edən azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göz yuman SSRİ rəhbərliyindən ədalətli yanaşma tələb edirdilər.

Moskva isə bu etirazı qanla boğdu.

Azərbaycana soxulan sovet ordusu heç bir xəbərdarlıq etmədən dinc sakinləri gülləbaran etdi. Bakıya, Lənkərana, Neftçalaya yeridilən sovet ordusunun hissələri qanlı qırğına əl ataraq mülki şəxsləri qətlə yetirdilər. Yüzlərlə insan həlak oldu, minlərlə sakin yaralandı.

Bu cəza ilə Azərbaycanı qorxutduğunu guman edən SSRİ rəhbərliyi və Mixail Qorbaçov tezliklə yanıldığının şahidi oldu. Azərbaycanda müstəqillik uğrunda milli azadlıq hərəkatı geniş vüsət aldı. Bir ildən sonra -1991-ci ildə artıq müstəqil Azərbaycan dünya siyasi sisteminə qədəm qoydu.

O ağır ildən 31 il ötür.

Bu illər ərzində Azərbaycan daim 20 Yanvar Şəhidlərinin xatirəsini əziz tutub, hadisələrin şahidləri hər zaman bu qanlı cinayətin səbəbkarlarını lənətləyib, cəzalandırılmasına çağırıb. Azərbaycan dövləti qanlı cinayətdə əli olan sabiq sovet rəhbərləri haqqında cinayət işi qaldırıb, faciənin səbəbkarlarının hüquqi müstəvidə cəzalandırılması üçün əlindən gələni edib.

Hər il 20 yanvar ərəfəsində Yanvar qırğınının şahidləri ötən günü xatırlayırlar.

Hadisələrin episentrində olmuş Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də qanlı cinayətin təşkilatçılarını ilk gündən açıq lənətləyən ictimai və dini liderimiz olub. Hər il yanvar ayının əvvəlindən başlayaraq sosial şəbəkədəki rəsmi hesabında “Unutmadıq” həştəqi ilə 20 yanvar hadisələrinin Şəhidlərini yad edir, o tarixin ən ağır səhifələrinə ayna tutur. QMİ sədri bəyanatlarında daima SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov başda olmaqla bu qanlı cinayətin təşkilatçılarının cəzalandırılmasını tələb edir. Belə mövqe ilə hələ SSRİ zamanından, 1990-cı ildən tanınan QMİ sədrinin Bakı qətliamı ilə bağlı sovet rəhbəri Mixail Qorbaçovu ittiham edən müraciəti dünyada böyük rezonans vermişdi.

Azərbaycanda Dağlıq Qarabağdakı separatçılara qarşı etiraz hərəkatı başlananda ateist cəmiyyətdə böyümüş sovet azərbaycanlıları tribunada durmuş gənc Şeyxülislamın çıxışını maraq və təəccüblə dünləmişdilər. “Torpaqdan pay olmaz!” şüarına dəstək verən QMİ sədri bu etiraz dalğasının aparıcı fiqurlarından oldu. Məhz onun sədrlik etdiyi QMİ sovet rejiminin Təzəpir məscidinin bir künücünə sıxışdırdığı dini inancı cəmiyyət üçün haqqa olan inam meyarına çevirdi və Azərbaycanın bütün siyasi tarixində aparıcı xəttə çıxartdı.

Sovet rəhbərliyi üçün gənc Şeyxülislamın belə əks mövqeyi gözlənilməz idi. SSRİ-də dindarlar ya passiv, ya da proseslərə çox məhdud müdaxilə imkanlarına malik idilər. Dağlıq Qarabağda separatizm hərəkatı başlananda Erməni kilsəsi və onun katolikosu bu avanturaya dəstək verən başlıca qüvvə oldusa,  Şeyxülislam Azərbaycanın haqq işinin ardıcıl müdafiəçisi və xalqlar arasında nifaq salanları lənətləyən müqəddəs yazıları əsas şüara çevirdi.

O illərdəki siyasi böhran vaxtlarında xalqın yanında olan A.Paşazadə 20 Yanvar qırğınına yol verməmək üçün göstərilən bütün səylərin önündə gedib.

Həmin dönəmdə Azərbaycanın tanınmış elm adamları, yazıçıları, ictimai xadimləri ilə sovet rəhbərliyinin Bakıya gəlmiş nümayəndələri ilə görüşlərdə iştirak edən QMİ sədri bütün bacarığını fəlakəti önləməyə, ölkəsinin haqq səsinin eşidilməsinə yönəltmişdi.

Bununla bağlı tarixin şahidlik etdiyi faktlar kifayət qədər maraqlıdır.

SSRİ rəhbərliyi üçün Bakıda keçirilən çoxmilyonlu etiraz aksiyaları böyük təhlükə idi. Kreml hər vəchlə Bakıda baş verən hadisələri məcrasından çıxarmaq üçün təxribatlara əl atmadan çəkinmirdi. Qanlı qırğından əvvəl Bakıya gəlmiş SSRİ İttifaqlar Sovetinin sədri Yevgeni Primakov, SovİKP-nin katibi Girenko və digər yüksək rütbəli məmurlar yerli sovet rəhbərləri ilə görüşlərində Qarabağla bağlı istənilən narazlığı eşitmək belə istəmir, şəhərdə sakitliyin bərpası üçün əlindən gələni edəcəkləri ilə hədələyirdilər.

Yanvarın 17-də Azərbaycan SSR-nin Kommunist Partiyasının Mərkəzi Komitəsində xalq şairi Bəxtiyar Vahabzadə, xalq yazçısı İsmayıl Şıxlı, QMİ sədri Allahşükür Paşazadə ilə 1-ci katib Vəzirov, Y.Primakov və şöbə müdiri Mixaylovla keçirilən görüşdə ordunun Bakıya girməməsi istənilirdi.

Mübahisələrlə keçən bu görüşdə QMİ sədri Yevgeni Primakovun üzərinə yeriyərək sərt şəkildə ondan ordunun şəhərə girməməsini tələb edib və əks təqdirdə bunun pis nəticə verəcəyini bildirmişdi.

Kreml öz cinayətinə bəraət qazandırmaq üçün islam dini faktorundan istifadəyə də əl atır. Yevgeni Primakov Şeyxülislama Azərbaycanda hakimiyyəti ələ alacağı təqdirdə sovet ordusunun Bakıya girməyəcəyini vəd edir. Bu, rus imperializminin üfünətli, klassik təxribatı idi. Bunu dərhal başa düşən QMİ sədri təklifə sərt reaksiya verir və Primakova deyir ki, o “komsomol məktəbinin yox, Buxarada dini məktəbin məzunudur”.

SSRİ rəhbərləri bu təxribata qanlı qırğına bəraət qazandırmaq üçün bir daha əl atdılar.

Bütün cəhdlərə baxmayaraq sovet ordusunun hissələri gecə Bakıya daxil oldu. Azərbaycan üçün o qanlı günlər xalqın və onun önündə gedən oğulları üçün bir sınağa çevrildi.

Bakı qırğınından dərhal sonra sovet rəhbəri Mixail Qorbaçov dünyaya bəyan etdi ki, Azərbaycanda dini ekstemist fanatiklər sovet hakimiyyətini devirməyə cəhd ediblər və guya bunun qarşısı alınıb. Bu açıq-aydın ağ yalana ilk reaksiya verən QMİ sədri Allahşükür Paşazadə oldu. Qorbaçovu “fitnəkar” adlandıran Şeyxülislam 20 Yanvar qanlı qırğını ilə bağlı bəyanat verdi. Bu, 70 illik SSRİ tarixində din xadiminin sovet rəhbərini açıq mətnlə ittiham edən ilk bəyanat idi.

A.Paşazadə öz müraciətində Mixail Qorbaçovu Bakıda baş vermiş qanlı qırğının əsas təşkilatçısı elan edərək onu qatil adlandırdı: “Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikəparça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanədə puç oldu. Çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı “Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz”-deyə bəyanatında Şeyxülislam bildirirdi.

Moskvanın bu böhtanı Şəhidlərin çoxmilyonlu dəfni zamanı bir daha üzə çıxdı. Şeyxülislamla yanaşı Azərbaycanda pravoslav kilsəsinin rəhbəri və yəhudi ravvini irəliləyirdi. İçərisində qanlı qırğının qurbanı olmuş rus, ukraynalı, yəhudi, tatar xalqlarına mənsub şəxsər olan Şəhid tabutlarını xalq öz çiyinlərinə almışdı.

Şəhidlərlə bağlı yaradılmış İctimai Dəfn Komissiyasının Kremlin  Azərbaycanda “islam təməlçiliyi”nə dair əsassız iddiaları ilə bağlı “Nyu-york tayms” (ABŞ) qəzetinin müxbirinin sualın cavabı birmənalı olmuşdu:  “Şəhidlər Xiyabanı”nda azərbaycanlılarla bir məkanda, yan-yana rus, tatar, yəhudi, ləzgi millətindən olanlar da dəfn olunub. Bizi islam təməlçiliyində günahlandırırlar. Biz fundamentalist olsaydıq, yəhudiləri və rusları burada dəfn edərdikmi?”

Şəhidlərin dəfni də sovet rəhbərlərinin ciddi müqaviməti ilə rastlaşmışdı.  Yanvarın 21-də “Təzəpir” məscidinə gələn sovet hərbi komendantının nümayəndələri həlak olmuş şəxslərin meyitlərinin dərhal məsciddən çıxarılaraq qeydiyyada olduqları rayonlar üzrə aparılmasını tələb etdilər. Bu tələbi rədd edən Allahşükür Paşazadə din xadimləri ilə keçidiyi toplantıda bəyan edir ki, Şəhidlərin dəfni ilə bağlı İctimai Komissiya yaradılıb. Şəhidlərin Dağüstü Parkda dəfn olunması qərara alınıb.

Şəhidlərin nəşinin müsəlman qaydalarına uyğun hazırlanması üçün iş başlanır.  Tikə-parça olmuş, güllələrin parçaladığı meyitləri göz yaşları içində cənazə törəninə hazırlayan ruhanilər üçün mənzərə dəhşətli idi. A.Paşazadə müsahibələrinin birində demişdi ki, “kəfən çatdırmaq olmurdu, dəfn olunmaq üçün gətirilmiş tək insan qolunu indi də unuda bilmirəm”.

Dağüstü Parkda Şəhidlərin dəfn üçün rəsmi  icazənin alınması da çətinliklə başa gəlib. Fövqəladə vəziyyət elan olunduğu üçün bütün idarə, təşkilat, qurumların səlahiyyətləri Bakı şəhər komendantlığına keçmişdi. O zaman 26-lar rayonunun (indiki Səbail) birinci katibi  olan mərhum Vəli Məmmədov və İcraiyyə Komitəsinin sədri Əli Məmmədov kabinetdən gizli yolla əldə etdikləri  rəsmi blankda şəhidlərin Dağüstü parkın ərazisində dəfn olunmasına icazə verilməsi barədə sərəncam imzalayırlar.

Şeyxülislam bütün din xadimlərinin şəhid cənazələrinin yanında olmasına göstəriş verir. Şeyxin xüsusi tapşırığı isə vəziyyətin mürəkkəbliyini bir daha açıb göstərir: Allahşükür Paşazadə din xadimlərinə evdən ailə üzvləri ilə halallaşaraq çıxmalarını tapşırır. Hər şey gözlənilən idi.

Kütləvi dəfnin qarşısını ala bilməyəcəyini hiss edən sovet hərbi komendantlığı ordu hissələrini Bakının mərkəzinə çıxarmaq qərarına gəlir. Şeyxülislam mərasim zamanı bir əsgərin də gözə görünməməsini tələb edir. Yaranacaq dəhşətli böhranı başa düşən hərbçilər dəfn törənində gözə görünmürlər.

Yanvarın 22-də Bakıda Şəhidlərin dəfni başlanır. Milyonlarla insan küçələrə, meydanlara çıxaraq öz azadlıq uğrunda həlak olan qəhrəmanlarına son borclarını verməyə gəldilər.  Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın azadlıq uğrunda nümayişinə çevrilir.

O dövrün informasiya blokadası Azərbaycanda baş verən hadisələri dünyaya çıxarmaq üçün əngələ çevrilmişdi. “Azadlıq” radiosunun əməkdaşı Mirzə Xəzərin sayəsində ilk informasiyalar yayılsa da digər əli çatanlar da qanlı qırğın barədə daha çox bilginin yayılmasına çalışırdılar.

Bu baxımdan Vatikan dövlətinin Şeyxülislamla əlaqə yaratması maraqlı və mühüm detal oldu. Qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro çətinliklə Dəfn Komissiyasının üzvü olan Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaradaraq  Bakıda baş verənlərlə bağlı ətraflı mlumat alır. 40 dəqiqəlik telefon danışığı əsasında hazırlanan müsahibə «Reppublika» qəzetində çap olunur. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur.

Bütün informasiya agentliklərinin ciddi  nəzarətdə olduğu bir vaxtda QMİ sədri “Vətən” cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova etiraz bəyanatını göndərə bilir.

1990-cı ilin mart ayında isə A.Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək, SSRİ xalq deputatı mandatından imtina etmişdi.

Üstündən 31 il ötməsinə baxmayaraq Azərbaycan xalqı azadlığı uğrunda öz canını fəda etmiş əziz Şəhidlərini unutmur. Hər il yüz minlərlə insan övladları, nəvələri ilə Şəhidlər Xiyabanına üz tutaraq bu Qəhrəmanları xatırlayır, onların nakam ruhuna dualar oxuyurlar. Qarabağ uğrunda canlarını qurban vermiş Şəhidlərimizin narahat ruhu bu gün sevinir. Azərbaycanın müzəffər ordusu 44 günlük müharibədə Ermənistanı darmadağın edərək torpaqları işğaldan azad edib. Bu gün Şəhidlər Xiyabanını ziyarətə gedəcək insan selinin qəbirlər üzərinə qoyacağı qərənfil təkcə kədər rəmzi yox, həm də qələbə simvolu olacaq.

Bu tarixi yaşadanlar isə 20 Yanvar qırğınını, Azərbaycan xalqının qəhrəmanlığını nəsillərdən-nəsillərə ötürülməsində müstəsna rol oynayır.

Əfqan ABBASLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bölgələrdə qar, Bakıda sulu qar yağıb

Sonrakı məqalə

“ABŞ Çinin uyğurlara qarşı addımlarını “soyqırımı” hesab edir” –