Fərdi sahibkar vergi orqanına ərizə ilə müraciət edərək uçota alındıqdan sonra bank hesabı açmaq üçün nə etməlidir?
Dövlət Vergi Xidməti bildirir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vergiödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergiödəyicilərinə hesablar açır və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün müvafiq məlumatı hesab açıldığı tarixdən bir iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
Qeyd olunan dəyişikliklər 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixədək vergiödəyiciləri tərəfindən bank hesablarının açılması əvvəlki qaydada vergi orqanlarından şəhadətnamə-dublikat əldə edilməklə həyata keçirilir. 2023-cü il oktyabrın 1-dən vergiödəyicisi bank hesabı açmaq üçün vergi orqanına ərizə təqdim etmir və birbaşa olaraq bank əməliyyatları aparan şəxslərə müraciət edir.