Unudulmaz ifaçı, Alim Qasımovla oxumaq istəyən sənətkar –Nəsibə Abdullayevanın 60 yaşı tamam olub FOTOLAR/VİDEO

1980-ci illərdə onun mahnıları yazılmış maqnitafon kasetləri bütün Azərbaycanda məşhur idi. Oxuduğu nəğmələr insanların könlünü oxşayır, məlahətli səsi ürəkləri fəth edirdi. 1986-cı ildə AZTV-də efirə getmiş konserti isə onu həmişəlik azərbaycanlıların yaddaşına yazdı.

Söhbət Özbəkistanın xalq artisti Nəsibə Abdullayevadan gedir. Bu il onun 60 yaşı tamam olub.

Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır.

1993-cü ildən Özbəkistanın xalq artistidir.

Nəsibə Abdullayeva 1980-ci ildə Gəncədə doğulan, azərbaycanlı gitara ifaçısı Eldar Abdullayevlə ailə həyatı qurub.

Bu nikahdan Ənvər Abdullayev (1981) və Əkbər Abdullayev (d. 1987) adlı iki oğlu var.

N.Abdullayeva 2000-ci ildə həyat yoldaşından ayrılıb. İki səhnəyə çıxmayan sənətkar 2002-ci ildən fəal musiqi həyatına qayıdıb.

N. Abdullayeva müxtəlif illərdə bir neçə dəfə Azərbaycanda olub. Hər dəfə böyük sevgi və məhəbbətlə qarşılanıb. Sənətkar özü də həmişə ölkəmizə olan sevgisini açıqlayıb.

İllər əvvəl KİV-ə verdiyi müsahibəsində Azərbaycanın və azərbaycanlıların qonağı olmaq onun üçün həmişə xoş olduğunu deyib: “Azərbaycanda gözəl dostlarım var. Azərbaycanın qonaqpərvərliyi bizim Özbəkistanın qonaqpərvərliyinə bənzəyir. Bu iki xalq həm tarixən, həm də ruhən bir-biri ilə qardaşdır. Uzaqda yaşasaq da, özümüzü çox uzaqda hiss etmirik”-deyə o vurğulamışdı.

“Azərbaycan xalqının musiqisi, mahnıları dünyanın ən gözəl musiqilərindən biridir. Bu mahnıların, musiqilərin, əsasən, ahəngi, melodiyaları özünəməxsusdur. Azərbaycan musiqiləri insanın özündən asılı olmayaraq ürəyinə yol tapır. Buna görə də məhəbbətim çox böyükdür. Onları sevməmək mümkün deyil”- deyən N.Abdullayeva Azərbaycanın məşhur sənət ustalarından xalq artisti Alim Qasımovla birgə oxumaq arzusunu açıqlayıb. “Alim Qasımov mənim üçün sirli bir dünyadır”.

Nəsibə Abdullayeva bu gün də yeni mahnıları ilə sənətini davam etdirir.

Bəstəkar Faiq Sücəddinov bir neçə ay əvvəl verdiyi açıqlamada Nəsibə Abdullayevnın İkinci Qarabağ müharibəsi haqqında mahnı oxuyacağını deyib.

“Qarabağ” adlı mahnının sözləri Xanım İsmayılqızına, musiqisi Faiq Sücəddinova aiddir.

Xalq artisti Nəsibə Abdullayeva 2004-cü ildən Özbəkistan Dövlət Konservatoriyasının estrada ifaçılığı kafedrasında işləyir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aviaşirkətlər dünyada 5,7 minə yaxın uçuşu ləğv ediblər

Sonrakı məqalə

AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevin vəfatının ildönümüdür