Fransız psixiatr Marin Kolombel münasibət qurmağın xüsusilə çətinləşdiyi iki yaş dövrünü açıqlayıb. Onun fikrincə, 30 və 50 yaşlarında insanlara mane olan əsas amil tanışlıq imkanlarının azlığı deyil, daxili psixoloji və sosial baryerlərdir. Təxminən 30 yaşda əsas problem nəticə ilə bağlı təzyiq və narahatlıqdır. 50 yaşdan sonra isə həyatdakı sarsıntılar, tənhalıq qorxusu və vəfat etmiş həyat yoldaşına qarşı günahkarlıq hissi ön plana çıxır.

Azpost.info xəbər verir ki, bu barədə “Doctissimo” nəşri yazıb.

Məqalənin əsasını tanışlıq tətbiqləri ilə bağlı paradoks təşkil edir. Bu platformalar insanlarda seçim imkanlarının demək olar ki, sonsuz olduğu təəssüratını yaradır. Lakin buna baxmayaraq, yaxın və davamlı münasibətlər qurmaq çətin olaraq qalır.

Fransanın İctimai Rəy İnstitutu (Ifop) tərəfindən aparılan araşdırmaya görə, tanışlıq saytlarının istifadəçilərinin 57 faizi yazışmadan real görüş mərhələsinə keçir. Yəni tanış olmaq imkanları kifayət qədər olsa da, möhkəm münasibətlər quran cütlüklərin sayı artmır.

30 yaş: Münasibətə həddindən artıq ciddi yanaşmaq

Psixiatr Marin Kolombelin müşahidələrinə görə, 30 yaşdan sonra bir çox insan özünü qəbul olunmuş həyat normasından kənara çıxmış və ya gözlənilən həyat ssenarisindən geri qalmış kimi hiss edir. Mütəxəssis izah edir ki, bu yaşda ailənin təzyiqi güclənir və ya insan övlad sahibi olmaq barədə daha çox düşünməyə başlayır. Nəticədə tərəfdaş axtarışı yenidən əsas prioritetə çevrilir. Bu zaman ünsiyyət əvvəlki rahatlığını itirir, hər görüş isə sanki insanın gələcəyini müəyyənləşdirəcək mühüm sınaq kimi qəbul olunur.

Əslində, bu yaşda tərəfdaş tapmaq texniki baxımdan çətin deyil. Ifop-un məlumatına görə, tanışlıq tətbiqlərində qeydiyyatdan keçmiş 30 yaşdan yuxarı qadınların 80 faizi ən azı bir görüşə gedib. Nəşrin qənaətinə görə, əsas maneə təkliflərin azlığı deyil, hər görüşün nəticəsi ilə bağlı həddindən artıq narahatlıqdır.

50 yaş: Yenidən münasibət qurmağa başlamaq

İkinci çətin dövr 50 yaşdan sonra başlayır. Bu mərhələdə yaxın münasibət axtarışı çox vaxt hər şeyə yenidən başlamaq zərurəti ilə müşayiət olunur.

Kolombel bu yaşlarda daha çox rast gəlinən həyat hadisələrini sadalayır: boşanma, həyat yoldaşının vəfatı, övladların böyüyərək valideyn evindən ayrılması. Psixiatrın sözlərinə görə, tənhalıq qorxusu, qocalmaqla bağlı narahatlıq və ünsiyyət imkanlarının azalması insanı yenidən münasibətə ehtiyacı olub-olmadığını düşünməyə vadar edə bilər.

Ən çətin vəziyyət isə uzun illər birlikdə yaşadığı həyat yoldaşını itirən insanlardır. Mütəxəssis belə itkidən sonra bərpa prosesini mürəkkəb yas dövrü kimi xarakterizə edir. Günahkarlıq hissi və yeni münasibətin vəfat etmiş həyat yoldaşını “əvəz etmək” kimi qəbul olunacağı düşüncəsi insanın yenidən kiməsə bağlanmasına mane ola bilər. Bu halda əsas problem psixoloji baxımdan yeni münasibətə hazır olmamaqdır.

Qadınlar və kişilər itkini fərqli yaşayır

Fransanın Drees dövlət qurumunun statistikası kişilərlə qadınların bu prosesi fərqli keçirdiyini göstərir.

Həyat yoldaşının vəfatından beş il sonra dul kişilərin yarıdan çoxu yenidən münasibət quraraq cütlük şəklində yaşamağa başlayır. Həyat yoldaşını itirmiş qadınlar arasında isə yeni münasibət quranların sayı təxminən hər beş nəfərdən biridir.

Nəşr bu fərqin qadınların yeni münasibətə başlamaq qərarını daha uzun müddətdə və daha çətin verdiyini göstərdiyini qeyd edir.

Cəmiyyətin yaşla bağlı stereotipləri də maneə yaradır

Hər iki yaş dövrünü birləşdirən əsas məqam insanların cəmiyyətin onlara qəbul etdirdiyi həyat modellərinə uyğun gəlmədiklərini düşünməsidir.

Kolombel kütləvi mədəniyyətin roluna da diqqət çəkir. Onun sözlərinə görə, mediada əsasən gənclik dövrü və romantik münasibətlər göstərilir, 50 yaşdan sonra xoşbəxt sevginin nümunələrinə isə çox az yer ayrılır. Nəticədə sevgi haqqında təsəvvürlər təxminən 35 yaşadək olan dövrlə məhdudlaşır. Daha yaşlı insanlar isə münasibət qurmaq üçün fürsətin artıq əldən çıxdığını düşünə bilirlər.

Nəşrin qənaətinə görə, bu psixoloji böhrandan çıxış yolu sərt qəliblərdən imtina etmək və həyatın reallığını qəbul etməkdir. Psixiatr konkret metodlar təklif etməsə də, əsas fikri belədir: həm 30, həm də 50 yaşda münasibət qurmağa mane olan başlıca amil tanışlıq imkanlarının sayı deyil, insanın öz daxilindəki psixoloji baryerlərdir.

Sunay Aydın