Yüksək gəlir belə insanı pul çatışmazlığından xilas etməyə bilər. Bunun səbəbi təkcə böyük alış-verişlər deyil. Bir çoxlarının əhəmiyyət vermədiyi gündəlik maliyyə vərdişləri də büdcəyə ciddi zərər vurur. Hiss olunmadan təkrarlanan kiçik xərclər zamanla toplanaraq maaşın böyük hissəsini “udur”.

Azpost.info xəbər verir ki, şəxsi maliyyə ilə bağlı araşdırmalarda diqqət çəkən əsas problemlərdən biri insanların gündəlik xərclərinə nəzarət etməməsidir.

1. Endirim xatirinə alış-veriş etmək

Endirim kampaniyaları insanları əvvəldən almağı planlaşdırmadıqları məhsulları almağa sövq edir. Əgər bir məhsula ehtiyac yoxdursa, hətta 50 faizlik endirim də qənaət deyil, əlavə xərc deməkdir.

2. Kiçik xərcləri nəzərə almamaq

Kofe almaq, evə yemək sifariş etmək, taksidən istifadə etmək və mobil tətbiqlərin ödənişli funksiyalarına pul xərcləmək ayrı-ayrılıqda əhəmiyyətsiz görünə bilər. Lakin hər gün bu cür alış-verişlərə 20 manat xərclənərsə, ayın sonunda məbləğ xeyli artacaq. Bu isə büdcədə ciddi fərq yarada bilər.

3. Lazımsız abunəliklər

Film, musiqi, mobil tətbiq və digər onlayn xidmətlər üçün avtomatik ödənişlər insanın bu xərcləri unutmasına səbəb olur.

Buna görə bank hesabından çıxarışları vaxtaşırı yoxlamaq və faktiki istifadə edilməyən xidmətləri dayandırmaq vacibdir.

4. Həddindən artıq ucuz məhsullar almaq

Ən ucuz məhsulu seçmək istəyi bəzən daha çox xərcə gətirib çıxarır. Ayaqqabı, məişət texnikası və digər əşyaları alarkən onların davamlılığına, zəmanət müddətinə və mümkün təmir xərclərinə də diqqət yetirmək lazımdır.

Ucuz məhsul tez sıradan çıxarsa, onu yenidən almaq məcburiyyəti yaranır. Beləliklə, ilkin qənaət gözlənilən nəticəni vermir.

5. Maaş artdıqdan sonra xərcləri də artırmaq

Gəlir yüksəldikcə insanlar daha bahalı restoranlara getməyə, taksidən daha çox istifadə etməyə və əlavə alış-verişlərə meyil göstərirlər.

Bu hal “həyat tərzi inflyasiyası” adlanır. Nəticədə maaş əhəmiyyətli dərəcədə artsa belə, insanın yığımları çoxalmır. Çünki gəlirlə yanaşı xərclər də artır.

6. Bütün pulu bir bank kartında saxlamaq

Bank hesabındakı ümumi məbləğ insanda sərbəst xərcləyə biləcəyi pulun çox olduğu barədə yanlış təsəvvür yarada bilər.

Büdcəni məcburi ödənişlər, yığımlar və gündəlik xərclər üzrə bölmək maliyyə imkanlarına daha yaxşı nəzarət etməyə kömək edir.

7. Pul yığmağa ayın sonunda başlamaq

Kommunal ödənişlər, digər hesablar və gündəlik alış-verişlərdən sonra ayın sonunda yığım üçün pul qalmaya bilər.

Buna görə də maaş alan kimi imkan daxilində müəyyən məbləği ayrıca yığım hesabına köçürmək daha məqsədəuyğundur.

Xərclərə nəzarəti necə qurmaq olar?

Pulun hara xərcləndiyini müəyyənləşdirmək üçün bir ay ərzində bütün ödənişləri qeyd etmək kifayətdir.

Sonra alış-verişləri üç qrupa bölmək lazımdır: zəruri xərclər, insana zövq verən alışlar və əslində imtina edə biləcəyi xərclər.

Məhz sonuncu qrupdakı xərclərin azaldılması həyat keyfiyyətini ciddi şəkildə aşağı salmadan əlavə pul toplamağa imkan verə bilər.

Sunay Aydın