“Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun “Son zəng”lə bağlı pul tələb etməsindən-red.) agentlik xəbərdardır, bununla bağlı komissiya yaradılıb”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O, yoxlamaların aparıldığını qeyd edib.
“Son zəng” tədbiri ilə bağlı agentliyin müvafiq təlimatı var. Həmin təlimata əməl etmək mütləqdir. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırış edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. Şagirdlərin kiçikhəcmli çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbir keçirilməsi yolverilməzdir”, – o əlavə edib.
Eşqi Bağırov bildirib ki, məktəb direktoru vəzifələrini kobud şəkildə pozubsa, vəzifədən azad edilir:
“Əgər pedaqoji fəaliyyəti əmək qanunvericiliyi ilə tənzimlənibsə, direktor kimi yox, müəllim kimi pedaqoji fəaliyyətini davam etdirə bilər”.