Azərbaycanda sınaqdan çıxan dini həmrəylik

11 Yanvar 2021 - 13:01

Ötən ilin dekabrın sonlarında ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası (BDAK) dünyada dini vəziyyətlə bağlı bəyanat yaydı.

Bu bəyanatda ABŞ hökuməti tərəfindən din azadlığının pozulduğu ölkələrlə bağlı ictimaiyyətə məlumat açıqlandı. Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib.

Bu, ciddi məqamdır və dünyada dini zəmində qarşıdurmaların baş alıb getdiyi zamanda ölkəmizin təqdimatı baxımından diqqəti çəkir.

Azərbaycanda dini harmoniya özünün yaxşı tarixi ənənələrinə malikdir. Tolerantlıq prinsipinə söykənən bu ənənə müxtəlif səmavi dinlərə etiqad edən cəmiyyətin nümunəvi əməkdaşlığını ortaya qoyub. Son 30 ildə ən müxtəlif qüvvələrin ölkədə dini zəmində parçalanma salmaq cəhdləri iflasa uğrayıb. İstər konfessiyalararası, istərsə də məzhəb savaşları üçün körüklənən bu cəhdlərin qarşısının alınmasında Qafqaz Müsəlmanları İdarəsinin, onun sədri Şeyxülislam Allahşükür Paşazadənin böyük rolu olub. Azərbaycan tarixinin ən mürəkkəb dövrlərində dövləti sarsıtmaq və cəmiyyəti bölümək üçün ortaya atılan istənilən dini məzmun daşıyan təxribatlar və sabotajlar QMİ sədrinin sərt müqaviməti ilə üzləşib.

Azərbaycanda tolerantlıq prinsipləri prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindəndir. Mərhum ümummilli lider Heydər Əliyevin ilk gündən dini həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı apardığı bütün siyasətin əsasında QMİ ilə əməkdaşlıq başlıca yer tutub. Bunun nəticəsində Azərbaycanda müxtəlif şübhəli dini cəryanların təsiri altında olan qruplar baş qaldıra bilməyib. QMİ sədrinin məzhəb fərqi qoymadan bütün müsəlmanlar üçün vahid iman prinsiplərini rəhbər tutması ölkənin dini camesində həmrəyliyin yaranmasında mühüm rol oynayıb.

Odur ki, müxtəlif kənar cəhdlərə baxmayaraq Azərbaycandakı dini tolerantlıq beynəlxalq gündəlikdə həmişə yekdil mövqeyi ilə fərqlənib.

Bakı bu illər ərzində yürütdüyü siyasəti ilə dünyada tolerantlığın və multikulturalizmin yaxşı nümunəsini ortaya qoyub. Ölkənin hər tərəfində məscidlər, kilsələr, sinaqoqlar vahid Yaradana dua edən inanclı vətəndaşlar üçün qapılarını açır. Müsəlmanlar, xristianlar, yəhudilər heç bir maneə olmadan min illərdir etiqad göstərdikləri inamı açıq şəkildə ifadə edirlər, fitnəkarlıq cəhdlərinə qarşı birgə kəskin cavab verirlər. Mühüm dövlət tədbirlərində, dini bayramlarda Prezident İlham Əliyevin yanında Şeyxülislamla bərabər oturan digər dini konfessiyaların rəhbərləri dövlətin birgə əməkdaşlıq siyasətinin parlaq tablosunu yaradır.

Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnsanlar inanclarında sərbəstdirlər və onların dini ritualları üçün bütün şərait yaradılıb.

Aparılan bu siyasət QMİ tərəfindən dəstəklənir və Şeyxülislam prosesin avanqardı kimi çıxış edir.

Azərbaycan 10 ildən çoxdur ki, “Bakı prosesi” adlandırılan mədəniyyətlərarası əməkdaşlıq Forumunu təqdim edir. Bu platformada əsas məhək daşı məhz ölkəmizin dini harmoniyası və əməkdaşlığının unikal təcrübəsidir. Azərbaycan bu xoş nümunəsini dünyaya təqdim etməklə regionun ən çox saylı və çoxkonfessiyalı ölkəsi olaraq belə mürəkkəb münasibətlərin həllində əldə etdiyi uğuru göstərir.

Ölkəmiz son illərdə dünyanın dini liderlərinin iştirak etdiyi mötəbər tədbirlərə ev sahibliyi edib. Dünya dini liderlərinin Bakı sammiti bu baxımdan vacib mesajları daşıyır.

QMİ sədri A.Paşazadənin istər dünyada, istərsə regionda əldə etdiyi etimad bu baxımdan beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar açır.

Bu sırada ötən illərdə QMİ-nin təşəbbüsü ilə Avropa dövlətlərində- Avstriyada, Almaniyada, İspaniyada, Türkiyədə keçirilən beynəlxalq konfranslar ölkəmizin müsbət imicinin formalaşması üçün yaxşı fürsət oldu.

Məhz bunun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələrində, Şimali Qafqazda, xristian dünyasında dəstəklənir. Şeyxülislamın Şimali Qafqaz kimi son dərəcə mürəkkəb regionda söz sahibinə çevrilməsi Azərbaycanda dini dəyərlərlə olan dəstəyin bir ifadəsidir. QMİ sədri harada yaşamasından asılı olmayaraq hər zaman müsəlmanların haqlarının pozulmasına qarşı sərt mövqeyini bildirib. Şimali Qafqazın ən ağır günlərində, Çeçenistan müharibəsində mülki əhaliyə qarşı törədilən zorakılıqları pisləyən A.Paşazadənin bu mövqeyi Azərbaycanın məzhəbindən asılı olmadan bütün din qardaşlarının ağır günlərində onlara dəstək olacağını göstərdi. Məhz belə mövqe bu gün Şeyxülislamı Şimali Qafqazda söz sahibinə çevirib və Azərbaycanın siyasi prioritetlərinin təbliği üçün unikal imkan yaradıb.

QMİ sədrinin ənənəsini qoyduğu Vəhdət namazı bütün müsəlman dünyası üçün xoş bir heyrətə səbəb olur.

Azərbaycanın müsəlman dünyası ilə əlaqələri tam etimada söykənir. İslam Əməkdaşlıq Təşkilatına daxil dövlətlərin hər zaman dəstəyini hiss edən Bakı Yaxın Şərqdə sivilizasiyalar arasında körpü rolunu oynayır.

44 günlük Vətən Müharibəsi bir daha tolerantlığımızın sınağı oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini konfessiyaları tərəfindən dəstəkləndi. Məhz bu birlik erməni kilsəsinin müharibəni dini müstəviyə keçirmək cəhdinin qarşısını aldı. Erməni katolikosunun bununla bağlı cəhdləri baş tutmadı. Azərbaycan dini icma rəhbərlərinin vahid mövqeyi düşmənə qarşı mübarizənin daha bir bir mühüm rıçağı oldu. Qələbə günü isə məscid, kilsə və sinaqoqlarda Azərbaycan Ordusuna edilən dualarla yadda qaldı.

Azərbaycanın dini tolerantlığı süni və inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixdən boy alır. Vətənimiz həmişə xalqların və müxtəlif dinə sitayiş edənlərin mehriban yaşadığı bir məmləkət olub. Allahın istədiyi və müqqədəs kəlamlarında insana daim xatırlatdığı mehribanlıq və qardaşlıq bu torpaqlarda həmişə var olub.

Emin ABBASOV