Gecə tez-tez oyanırsınız?– 8 mümkün səbəb

Yuxu
Yuxu

Bir çox insan hesab edir ki, əsas problem yuxuya gedə bilməməkdir. Halbuki həkimlərin fikrincə, gecə ərzində bir neçə dəfə oyanmaq da sağlamlıqla bağlı vacib siqnal ola bilər. ABŞ Milli Yuxu Fondunun məlumatına görə, böyüklərin təxminən üçdə biri həftədə bir neçə dəfə gecə yuxudan oyanır.

Yuxu üzrə mütəxəssislər bildirirlər ki, gecə oyanmalarının səbəbi təkcə stress deyil.

Ən geniş yayılmış səbəblərdən biri otağın temperaturudur. Araşdırmalar göstərir ki, yataq otağında temperatur 18-20 dərəcə arasında olduqda yuxunun keyfiyyəti daha yüksək olur. Həddindən artıq isti otaq beynin dərin yuxuya keçməsinə mane ola bilər.

İkinci səbəb axşam saatlarında qəbul edilən kofeindir. Qəhvə, enerji içkiləri, hətta tünd çay da bəzi insanlarda 6-8 saat ərzində təsirini saxlayır.

Mütəxəssislər axşam ağır və yağlı yeməklərin də yuxuya mənfi təsir etdiyini bildirirlər. Gec saatlarda həzm sistemi aktiv işlədiyi üçün orqanizm tam istirahət edə bilmir.

Yuxu apnesi də gecə oyanmalarının mühüm səbəblərindəndir. Bu zaman nəfəs qısa müddətə dayanır və beyin insanı oyadaraq nəfəsalma prosesini bərpa edir. Güclü xoruldama bu problemin əsas əlamətlərindən biridir.

Psixoloji gərginlik və narahatlıq da yuxunun tez-tez bölünməsinə səbəb ola bilər. Gün ərzində yığılan emosional yük gecə saatlarında beynin aktiv qalmasına gətirib çıxarır.

Yaş artdıqca melatonin hormonunun azalması da yuxunun keyfiyyətinə təsir göstərir. Bu səbəbdən yaşlı insanlarda gecə oyanmaları daha çox müşahidə edilir.

Mütəxəssislər məsləhət görürlər ki, əgər gecə oyanmaları üç aydan çox davam edirsə və gündəlik həyat keyfiyyətini aşağı salırsa, mütləq yuxu mütəxəssisinə müraciət edilməlidir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.