“Le Monde” qəzeti Şeyxülislamdan hansı “xəzinə”nin “açarını” soruşub?

11 Mart 2021 - 01:25

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 2-də Fransanın nufuzlu “Le Mondе” qəzetinə müsahibə verib.

Fransalı jurnalist Azərbaycanın dini modeli, ölkədə hökm sürən dinlərarası harmoniyanın təməlində duran dəyərlər barədə maraqlanıb, Şeyxülislama bunun tarixi aspekti və bugünkü reallıqları, dövlət-din münasibətlərinin səviyyəsi, konfessiyalararası münasibətlərlə bağlı suallar ünvanlayıb.

Fransalı jurnalist üçün xüsusi önəm kəsb edən məqamlar Azərbaycanın, Qafqazın müsəlman dini liderinin şəxsiyyəti, onu uzun onilliklər ərzində beynəlxalq miqyasda tanınanmasının səbəbi və mühit olub.

Jurnalist müsahibə zamanı Fransada dinlərarası münasibətlər nümunəsindən bəhs edərək, Azərbaycanla müqayisəli paralellər apararaq bəzi suallar səsləndirib. Erməni kilsəsi ilə dinlərarası əlaqələrin səviyyəsi, indiyədək baş tutmuş görüşlər, habelə 44 günlük II Qarabağ müharibəsi dövrünə dair məsələlər də fransalı media təmsilçisini maraqlandıran suallar sırasında olub.

QMİ sədri sualları geniş şəkildə cavablandırıb.

Göründüyü kimi Avropanın nufuzlu qəzeti ölkəmizdəki dini münasibərləri öyrənmək üçün lazım olan bütün sualları səsləndirib.

Azərbaycanın bu suallara alnı açıq və qürurla verəcəyi cavabları var.

Ölkəmizdə bu müstəvidə aparılan siyasətin təməli möhkəm zəmində atılıb və özündə tarixi ənənələri daşıyır. Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün qardaşlıq məkanı olaraq qədim zamanlardan bəri sülh və dözümlülük simvolu kimi xatırlanır. Burada Avropanın “qara səhifəsi” kimi yadda qalan dini və etnik zəmində qırğınların kədərli tarixi yoxdur.

Milli və dini həmrəylik istər qədim zamanlarda, istər ateist SSRİ dönəmində həmişə tolerantlığın milli kodlarını daşıyıb. Müstəqil Azərbaycanın son 30 illik tarixi müxtəlif sınaqlarla üz-üzə qalsa da milli və dini həmrəylik mürəkkəb siyasi böhranlardan üzü ağ çıxıb.

Bu münasibətlərin yaranmasında və qorunmasında Qafqaz Müsəlmanları İdarəsinin, onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin xüsusi rolu var.

Hələ ateist sovet dönəmində Azərbaycan dindarlarına rəhbərlik edərkən fəal ictimai fəaliyyəti ilə seçilən A.Paşazadənin uzun illik təcrübəsi müstəqil ölkəmiz üçün çox həssas məqam olan bu platformaya düzən verilməsində böyük rol oynayıb. Dövlət –din münasibətlərinin harmonik əməkdaşlığı üçün gördüyü işlər 90-ların əvvələrində kövrək dövlətçilik addımlarını atan Azərbaycanın təhlükəsizliyi üçün ciddi zəmin yarada bildi. Dörd bir yandan dini şüarlarla dövləti təhdid edən qüvvələrə, ateist sovet şinelindən çıxmış azərbaycanlıların dinə artan marağının fürsətcil “din-məzhəb” emissarlarının əlinə keçməsinə, yad dini cəryanların ölkədə at oynatmasına sərt sipər olan Şeyxülislam bu yöndə aparılan dövlət siyasətinin vahid prioritetlərinin formalaşmasına kömək edib.

Bu gün Azərbaycanın konfessiyalararası münasibətləri dünya üçün nümunədir. Müsəlman ölkəsində dini rəhbərin digər konfessiyalar üzərində heç bir üstünlük nümayiş etdirməməsi, vahid əməkdaşlıq platformasında çıxış etməsi unikal məsələdir. Azərbaycanda yaşayan müxtəlif səmavi dinlərin nümayəndələri müqəddəs bayramlarını bir yerdə keçirir, məscid, kilsə və sinaqoqlarda dua edirlər. Belə qarşılıqlı anlaşmanın yaranmasında təkcə din xadimlərinin səyləri kifayət etmir. Bunun üçün dövlətin iradəsi, dövlət rəhbərinin siyasi xətti  vacib əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin bu siyasi xətti ölkəmizdə dinlərarası əməkdaşlığın misilsiz mühitini yaradıb. Hər cür ksenofobiya cəhdlərinə sərt təpki verən dövlət siyasəti Azərbaycan tarixinin və əxlaqının ən parlaq tezislərinə söykənir. Bu gün özünü sivil və demokratik sayan dövlətlərdə, “üçüncü dünya ölkələrində” baş qaldıran dini təfriqə, nihilizim, etnik ayrı-seçkilik müxtəlif millətlərə və dinlərə mənsub adamları çətin duruma salıb. Azərbaycan malik olduğu belə qiymətli xəzinənin “açarını” bütün dünyaya təqdim etməklə barış və humanizmin carçısı kimi çıxış edir.

Bu mesajın dünyaya çatdırılmasında dini liderlərin səyləri önəm kəsb edir. A.Paşazadə bütün bu dövr ərzində dövlətimizin bu humanizm çağırışlarını dünyanın mötəbər dini qurumlarının, tanınmış dini liderlərin toplaşıdığı konfranslara daşıyaraq dinlərarası dialoqun təbliğində fərqlənib.

Bu baxımdan münaqişələrin həllində QMİ sədrinin tutduğu mövqe günahsız insanların öldürülməsinə etiraz, fitnəkar düşmənin ifşa edilməsi və xalqlar arasında sülhün təbliği ilə seçilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illərə qədər aparılan dinc danışıqlar prosesini dəstəkləyən Şeyxülislam müxtəlif periodlarda bu təmasların dini rəhbərlər səviyyəsində görüşündə iştirak edib. İlk gündən münaqişəni dini zəmində olduğunu təbliğ etməyə çalışan erməni katolik kilsəsi A.Paşazadənin səyi nəticəsində buna nail ola bilmədi. 44 günlük Vətən Müharibəsində QMİ sədri Azərbaycan Ordusunun Qarabağ uğrunda apardığı ədalətli müharibəyə beynəlxalq dəstəyin təşkilində fərqləndi, işğal altında olan torpaqlarımızın azadlığına xeyir –dua verdi.

QMİ sədri bu gün erməni kilsəsinin öz xalqını müharibəyə sövq etməsini pisləyir, işğal dövründə Qarabağda darmadağın edilmiş dini məbədləri ürək ağrısı ilə göstərir, bölgədə sülhün bərqərar olması üçün səylərini əsirgəmir.

Bu baxımdan QMİ sədrinin dünyanın tanınmış KİV-nə müsahibəsi Azərbaycanın uğurlarının bir daha nümayişi üçün bir fürsət saymaq olar.

Bölgəmizdə sülh və anlaşmanın vacibliyini anladan bu müsahibə Azərbaycan barədə həqiqətləri yaymaq üçün qiymətli platformadır.

Əfqan Ağazadə