Azərbaycanın işğal olunmuş torpaqların azad edilməsi uğrunda apardığı 44 günlük müharibə özünün qəhrəmanlıq səhifələri ilə tarixə yazıldı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun, igid əsgərlərimizin mətin iradəsi, qorxmazlığı və şücaəti düşmənin belini qırdı və Ermənistanı döyüş meydanından rüsvaycasına qaçmağa vadar etdi.
Müharibədə qalibiyyətimiz 30 il düşmən tapdağında inləyən rayonlarımız, tariximizin mədəniyyət beşiyi sayılan Şuşa üzərində Azərbaycanın qələbə bayrağının sancılması ilə nəticələndi.
Biz qalib gəldik!
Bu haqq davasında Azərbaycanın say –seçmə oğulları özlərini Vətənə fəda edərək torpaq uğrunda gedən müharibədə Şəhidlik zirvəsinə ucaldılar. Bu oğulların qanı üzərində qazanılan qələbənin misli yoxdur.
Düşmənlə amansız döyüşlərin getdiyi həmin günlərdə ön cəbhə ilə yanaşı arxa cəbhə də bütün gücü ilə çalışırdı. Həkimlər səyyar xəstəxanalarda yaralı əsgərlərin müalicəsi, dövlət qurumları təchizat, on minlərlə sıravi vətəndaş isə əlindən gələn köməyi etmək üçün səfərbər olunmuşdu.
Bu cəbhənin bir mühüm qolu da Şəhid dəfnlərinin adlarına layiq keçirilməsi, onların uca dinimizin qaydalarına uyğun uğrunda şəhid olduqları vətən torpağına təslim olunması idi.
Bu mənəvi güc tələb edən prosesi Qafqaz Müsəlmanları İdarəsi layiqincə icra etdi.
Hələ müharibədən əvvəl Şeyxülislam Allahşükür Paşazadə daim mötəbər toplantılarda işğalçı Ermənistanın avanturist və regiona zülm gətirən siyasətini pisləyərək Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün bütün addımlarını atacağını bəyan edirdi.
Ötən ilin yayında Tovuz döyüşləri zamanı Azərbaycan Ordusuna xitabən “Səninləyik, Azərbaycan əsgəri!” deyən Şeyxülislam cəsur əsgərlərimizin haqq davasına xeyir-dua verdi, şəhidlərimizin həlakından sarsılan xalqa müqəddəs “Quran”ın ilahi kəlamları ilə təsəlli oldu.
QMİ sədri dünyanı Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırdı.
“Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”,-deyən A.Paşazadə müharibənin ilk günündən Azərbaycan ordusunun yanında olub, vətənin müdafiəsinin təşkili üçün səylə çalışıb.
44 günlük müharibə zamanı din xadimləri daim ön cərgədə durdular. Şəhidlərimizin pak nəşlərini uğrunda şəhid olduqları vətən torpağına təslim edərkən müqəddəs kitabın “Vətəni sevmək imandandır” prinsipini rəhbər tutaraq döyüş ruhunu, imanı, qorxmazlığı təbliğ etdilər.
Göz yaşı, düşmənə nifrət və ağrı ilə müşayiət olunan Şəhid cənazələrinin dəfninin təşkili müharibə başlayan gündən təxirəsalınmaz məsələ kimi qarşıda dururdu.
Vətən Müharibəsinin ilk günündən etibarən QMİ keçmiş təcrübəsinə əsaslanaraq Şəhidlərin dəfn və anım mərasimlərinin onların məqamına layiq şəkildə təşkilinin mənəvi əhəmiyyətini nəzərdə tutaraq Qazılar Şurasının üzvləri ilə müzakirələr aparıb.
Bunun üçün Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin və din xadimlərinin fəaliyyətinin koordinasiyasının təşkil edilməsi üçün xüsusi Komissiya yaradıldı.
QMİ sədri A.Paşazadənin Komissiyanın işinə nəzarəti özündə saxlamaqla rəhbərlik sədrin birinci müavini müfti Salman Musayevə həvalə edilib.
Missiyanın ağır və kədərli olduğu bəlli idi. Müharibənin qaçılmaz hökmünü göz yaşları və səbrlə qəbul edən din xadimlərimiz torpaq uğrunda döyüşə atılan qəhrəmanlarımız üçün dualarını əsirgəmir, Şəhid olan cavanlarımızı ürək ağrısı və göz yaşları ilə oxşayırdılar.
Komissiya pərakəndəliyə yol verilməməsi üçün dərhal prosesin təşkilinə başlayıb. Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə məsləhətləşmələrdən sonra cəbhə bölgələrində koordinasiya mərkəzlərinin yaradılması barədə qərar qəbul edilib. Komissiyanın qərarı ilə yaradılmış bu mərkəzlərdə əziz Şəhidlərimizin nəşinin son mənzilə yola salınması üçün yuyulması, kəfənlənməsi, tabutun hazırlanması və s. zəruri işlərin görülməsi nəzərdə tutulurdu. Lazımi təchizat işlərinin təminatı üçün QMİ tərəfindən maliyyə vəsaiti ayrılıb.
QMİ-nin komissiyası dinindən asılı olmayaraq bütün Şəhidlərin yaşadığı yer üzrə, yaxud ümumi şəhidlər məzarlığında keçirilən dəfn mərasimlərində din xadimlərinin fəal iştirakını təmin edib. Bütün Şəhid dəfnləri QMİ-nin səfərbər etdiyi ruhanilərin iştirakı ilə aparılıb. Din xadimlərimiz bütün bu dövr ərzində cəbhə bölgələrində ordumuzla çiyin-çiyinə durdular.
Bu dövr ərzində QMİ-nin ayrıdığı maliyyə vəsaitləri, ianələr, ruhanilərin şəxsi vəsaitləri hesabına alınmış ərzaq, lazımi ləvazimatlar hərbçilərə çatdırılıb.
Din xadimlərimiz şəhid və qazi ailələrinin evlərinə gedərək bu şəhid yadigarlarını ziyarət edib, mənəvi dəstək nümayiş etdirib, QMİ-nin yardımlarını ünvanlara çatdırıblar.
Komissiyanın yaratdığı Mərkəzlərdə əziz Şəhidlərin pak nəşlərinin dəfni üçün görülən işlərin gedişatı QMİ-nin bu çətin işin öhdəsindən gəldiyini deməyə əsas verir. Bununla bağlı QMİ-nin hesabatında göstərilən rəqəmlər bu işin necə ağır və məsuliyyətli olmasını bir daha nümayiş etdirir.
Ən kədərli və ağır günlər Beyləqan və Füzuli rayonlarını əhatə edən Mərkəzdə yaşanıb. Döyüş meydanının yaxınlıqda olması Şəhid cənazələrinin daha çox bura gətirilməsinə imkan verib.
Bu Mərkəzdə dəfn üçün lazımi təchizat işlərini tam olaraq Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürüb. Beyləqan və Füzulini əhatə edən Mərkəzdə 1918 əziz Şəhidimizin son mənzilə yola salınması üçün bütün lazımi işlər aparılıb və mərasim həyata keçirilib.
Bərdə rayonunda yerləşən Mərkəzdə 430 Şəhidin, (396 hərbçi, 34 mülki şəxs olmaqla), Tərtərdəki mərkəzdə 77 şəhidin (59 hərbçi, 18 mülki şəxs), Gəncədəki Mərkəz tərəfindən 233 Şəhidin (207 hərbçi, 26 mülki şəxs), Ağcabədi rayonundakı Mərkəz tərəfindən 40 şəhidin, Bakıda “Əjdərbəy” məscidində yerləşən Mərkəz tərəfindən 76 Şəhidin dəfni həyata keçirilib.
Bu yuxusuz və ağır, şərəfli günlərdə bütün gücünü qələbə üçün səfərbər edən din xadimlərimiz ordu komandanlığı, siyasi rəhbərlik tərəfindən təşəkkürnamələrə layiq görülüb.
Mirsəcat Mirələm oğlu İmranov, Elman Seyfəddin oğlu Piriyev və digər onlarla din xadimləri Vətən Müharibəsi dövründə arxa cəbhədə göstərdikləri xidmətlərinə və fədakarlıqlarına görə hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Dövlət qurumlarından daxil olan təşəkkür məktubları deməyə əsas verir ki, Vətən Müharibəsi zamanı bütün vacib işlər din xadimlərimiz tərəfindən fədakarlıqla icra edilib. Cəbhə bölgəsində düşmənin top və raketlərdən açdığı aramsız atəşlər altında Şəhid dəfnlərini onlara layiq hörmət və izzətlə aparan ruhanilərin öz borclarını ləyaqətlə yerinə yetirdiklərini demək olar.
Vətən torpağının ağuşuna aldığı Şəhidlər ölkəmizin qüdrəti və millətin qururlu gələcəyi üçün “əkilən” toxumlardır. Onların əziz xatirəsinə hörmət ləyaqət göstəricisidir. Azərbaycan xalqı bu hörmət və ləyaqəti 44 gündə bütün dünyaya göstərdi.
Əfqan Əsədbəyli