Dirijor Mustafa Mehmandarov “Facebook”da dahi bəstəkar Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olmasını göstərən foto yayıb.
“Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə ilklərə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda olsun. Hələ bu azmış kimi, Musiqi kollecindən də adı götürülüb. Söz tapmaq olmur. Hamımızın günahı var! Nə yad etmişik, nə də ki diqqət”.
Qeyd edək ki, Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb. Onun Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur. Qarın yatalağına tutulan bəstəkar 1932-ci ildə, 23 yaşında vəfat edib.