“Paşinyana Rusiya ilə münasibətləri pozmaq üçün hərbi əməliyyat lazımdır” –

Tofiq Zülfüqarov
13 İyul 2020 - 13:00

“Əminəm ki, Rusiya Ermənistanın köməyinə gələn deyil. Moskva Ermənistanın oynadığı oyunu yaxşı başa düşür”.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən təxribatı şərh edərkən bildirib.

Sabiq nazirin sözlərinə görə, uzun müddətdir Ermənistanla Rusiya arasında dərinləşən siyasi böhran bu gün pik həddədir: “Xüsusilə Paşinyan administrasiyasına qarşı Rusiyanın göstərdiyi tənqidi mövqe və Ermənistan müxalifətinə göstərilən dəstək tərəflər arasında münasibətlərin əvvəlki səviyyədə olmadığına dəlalət edir. Faktiki olaraq rəsmi Moskva Ermənistanı bir tərəfdaş olaraq qəbul etmir. Ermənistan hakimiyyətinin başlıca siyasəti Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşmaqdan ibarətdir. Düşünürəm, bunun həm iqtisadi, həm siyasi, həm də daxili əsasları var”.

T.Zülfüqarovun fikrincə, Rusiyanın keçmişdəki kimi qüdrətli olmadığını anlayan Ermənistan artıq özünə yeni ağa axtarmağa başlayıb: “Mövcud vəziyyətdə, görünür, Qərbi özünə daha ideal ağa, himayədar hesab edirlər. Lakin bunun üçün də ilk növbədə Rusiya ilə münasibətləri tamamilə pozmaq lazımdır. Paşinyana Rusiya ilə münasibətləri birdəfəlik pozmaq üçün Azərbaycanla hərbi əməliyyatları bərpa etmək su və hava kimi lazımdır. Bu yolla o, Rusiyanı ittiham edərək daxildəki rusiyameyilli qüvvələrin prestijini xalqın gözündə aşağı endirmək isəyir. Yəni “Rusiya heç bir kömək etmədi, bizi yalnız qoydu” fikri yaratmağa çalışır. Düşünürəm, bu səbəbdən Ermənistan Dağlıq Qarabağda deyil, məhz Ermənistan-Azərbaycan sərhədində təxribata əl atdı””.