Şeyxülislamın Çeçenistan səfəri nə ilə yadda qaldı?

03 Sentyabr 2021 - 00:59

Çeçenistanın mərhum prezidenti Əhməd Kadırov Şimali Qafqazı qanlı müharibədən, böhrandan çıxararaq bütöv bir xalqı siyasi girovluq təhlükəsindən xilas edən siyasi lider kimi tarixdə qala bildi.

Avqustun 23-də paytaxt Qroznıda Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubilyey tədbiri bu baxımdan əlamətdar gün oldu.

Bu yubileyə mərhum prezidentlə çox yaxın olmuş Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də dəvət olunmuşdu.

Çeçenistanın başçısı Ramzan Kadırov, Çeçenistanın dövlət, ictimai və dini xadimləri və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin iştirak etdiyi yubiley tədbirində fəxri qonaq kimi çıxış edən Şeyxülislam Əhməd Kadırovun əziz xatirəsini yad edərək onun Çeçenistanın inkişafı üçün misilsiz töhfələr verdiyini vurğulayıb və xalqı yolunda canından keçərək şəhid olduğunu bildirib.

İştirakçılara Prezident İlham Əliyevin salamlarını çatdıran QMİ sədri Azərbaycanla Çeçenistan arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin prezident İlham Əliyev və Çeçenistanın Başçısı Ramzan Kadırov tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.

A.Paşazadə Qroznı şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib. Şeyxülislam Çeçenistan imamı Şeyx Mansur adına məscidin açılış mərasiminə qatılıb. Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırovun iştirakı ilə keçirilən mərasimdən sonra QMİ sədri R. Kadırovla birlikdə camaat namazı qılıb.

Açılış mərasimindən sonra Çeçenistan Başçısı Şeyxülislamı və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri olan Şimali Qafqaz regionunun müftilərini öz iqamətgahında qəbul edib. A. Paşazadə qəbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qazandığı tarixi qələbədən, 30 illik erməni işğal zamanı Ermənistan tərəfindən əzəli Azərbaycan torpaqlarında törədilmiş misli görülməmiş vəhşiliklərdən danışıb. Erməni işğalçıları tərəfindən dağıdılmış yaşayış məntəqələri, vandalizmə məruz qalmış məscidlər, ziyarətgahlar, kilsələr və digər ibadət yerləri, eləcə də azad edilmiş torpaqlarımızda hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə geniş məlumat verib.

Bu səfər zamanı daha bir yaddaqalan tədbir A.Paşazadənin sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının iclasının keçirilməsi oldu.

Şimali Qafqaz regionunun müftiləri ilə Qroznı-siti otelində keçirilən iclasda Şeyxülislam deyib ki, bu iclas Azərbaycanın Vətən müharibəsində zəfər çalmasından sonra ilk görüşdür və buna görə xüsusi əhəmiyyətə malikdir. Şimali Qafqaz müftiləri öz çıxışlarında bildiriblər ki, Vətən müharibəsi əsnasında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə sevinib, dualar edib, ibadətlərində şəhid düşən Azərbaycan oğullarının ruhlarına Allah Taaladan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Qafqaz xalqları arasında, o cümlədən, Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərinin qiymətli tarixi irs olduğu vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini qeyd olunub.

İclasda Qafqaz Xalqları Ali Dini Şurasının yaxın gələcək üçün fəaliyyət planı müzakirə edilib.

Pandemiya səbəbindən həyata keçirilməsi təxirə salınmış birgə planlarla bağlı hazırkı vəziyyəti müzakirə edilib və Şuranın növbəti iclasının Bakıda keçirilməsi qərara alınıb.

Göründüyü kimi bu səfəri sadəcə bir yubiley tədbirində iştirak kimi qiymətləndirmək olmaz.

QMİ sədri Şimali Qafqazda populyar dini rəhbərdir. Azərbaycanın Çeçenistanla, o cümlədən Şimali Qafqaz ölkələri ilə münasibətlərində din faktorunun önəmini nəzərə alsaq bu səfərin əhəmiyyəti daha da aydın üzə çıxır.

İlk olaraq onu qeyd etmək olar ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Çeçenistanla mehriban dostluq və qardaşlıq əlaqələri möhkəm zəmin üzərində bərqərar olub. Ən ağır günlərində Azərbaycanın dəstəyini alan çeçen xalqı bunu daim minnətdarlıqla yad edirlər. Siyasi böhranlarla zəngin olan “qarmaqarışıq 90-lar” ağır izini bu xalqın tarixində də qoyub. Amma onun müdrik rəhbərləri bu mürəkkəb problemdən çıxış yolu tapa biliblər. Bu baxımdan Əhməd Kadırovun fəaliyyəti danılmazdır.

Azərbaycan həmişə Çeçenistanla isti münasibətlərə malik olub. Bu əməkdaşlığın dərinləşməsində QMİ sədrinin əməyi vardır.

QMİ sədrinin mərhum prezident Əhməd Kadırovla, onun oğlu Ramzan Kadırovla şəxsi dostluq münasibətləri ölkələrarası isti və qardaş münasibətlərinin yaranmasında öz töhfələrini verir.

Məkrli qüvvələrin iki xalq arasında salmaq istədikləri milli və dini zəmində  münaqişə cəhdləri hər iki xalqın dini rəhbərlərinin sayəsində qarşısı alınıb, qara qüvvələrin arzuları gözlərində qalıb.

Şeyxin Çeçenistana səfəri 44 günlük Vətən Müharibəsindən sonra ilk səfər idi. Rusiya Federasiyasının ən önəmli ərazi vahidi olan Şimali Qafqazın bu ölkəsində Azərbaycanın haqlı savaşına və qələbəsinə açıq dəstək verilməsi xüsusi ilə diqqətçəkən oldu.

Şimali Qafqazın müftilərinin bu təbriklərini eyni zamanda həmin ölkələrin siyasi hakimiyyətlərinin də mövqeyinin ifadəsi saymaq olar. Bu isə Rusiya siyasi elitasında və KİV-lərində Azərbaycanın əleyhinə olan qüvvələrə qarşı demarş sayıla bilər.

 

Bu səfər həmçinin QMİ sədrinə qarşı müəyyən qüvvələrin təşkil etdiyi qarayaxma kampaniyasının əhvalı altında baş tutdu. A.Paşazadənin yüksək səviyyədə qarşılanması və ona göstərilən hörmət Azərbaycanda din və dövlətin əməkdaşlıq münasibətlərinin bariz göstəricisi saymaq olar. Bu platformanın qurulmasında isə Şeyxülislamın əməyi danılmazdır. QMİ sədri dövlətin bir sıra mesajlarının çatdırılmasında və əlaqələrin möhkəmlənməsində oynadığı rolu ilə bunu bölgədə dini rəhbərin prestijini göstərən faktora çevrilə bilib. Çeçenistan səfəri də ölkə daxilinə ünvanlanmış mesaj kimi yaddaqalan oldu. Böyük Qafqaz, onun mürəkkəb dini münasibətlərini nəzərdən keçirdikdə ruhani rəhbərlərin dini lider kimi qəbul etdikləri Şeyxülislama verdikləri dəyər göz önünə çıxır. Bu isə dini liderimizə atılan şər-böhtanların fonunda onun hörməti haqq etdiyini daha aydın göstərir. Bu münasibət daxildə Şeyxülislama çamur atmağa cəhd edən dairələri də düşündürməlidir: Ölkənin dini rəhbəri cəmiyyətin inanclı kəsiminin seçimini ifadə edir. Əgər ölkənin dini rəhbəri xaricdə belə hörmətlə qarşılanırsa daxildə də bu məqama hörmətin nümayişi cəmiyyətdə harmoniyanın qorunması üçün vacib məqamdır.

QMİ sədrinin bu səfəri, ümumiyyətlə intensiv və uğurlu xarici əlaqələri Azərbaycanın beynəlxalq aləmdə, nufuzlu dini qurumlarda sözünü çatdırmaq, mövqeyini ifadə etmək və inandırmaq baxımından böyük imkanlar verir. Başabəla “ekspertlərin” QMİ-nin ləğvi barədə hay-küyləri bütün bunların fonunda miskin görünür və qərəzli münasibəti ortaya qoyur. Elə son Çeçenistan səfəri bir daha bu sualı aktullaşdırır: QMİ-nin əvəzində hansı qurum Rusiyanın böyük bir coğrafiyasını əhatə edən Şimali Qafqazın dini cameəsinin Azərbaycanın ədalətli mövqeyinə, zəfər müharibəsində qələbəsinə yekdil dəstəyini ala bilərdi?

QMİ rəhbəri bütün platoformalarda apardığı sistemli, ardıcıl fəaliyyəti onu ölkəmizin təbliğatçısı kimi uğurlu işini ortaya qoyur, dövlətimizin dini siyasətinin bütün parametrlərinin təqdimatında rolunu ifadə edir.

Çeçenistan səfəri bunu bir daha ortaya qoydu.

Aydın ABBASOV